Politoloq: “Məkkə sazişi” uzun perspektivdə İranla bağlı risklər yarada bilər

  • Müəllif: Orxan
  • 10 Avqust 2026 14:44

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hər hansı təcavüz aktına qarşı kollektiv çəkindirmənin gücləndirilməsini nəzərdə tutan “Birgə müdafiə haqqında Məkkə sazişi” imzalayıb.

Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev yazıb ki, Pakistanın xarici işlər naziri sazişin konkret olaraq hər hansı dövlətə qarşı yönəlmədiyini və tamamilə müdafiə xarakteri daşıdığını bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə sənədi mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizmi kimi xarakterizə edib.

Turan Rzayevin sözlərinə görə, saziş NATO-nun 5-ci maddəsi məntiqində hazırlanıbsa, bu, faktiki olaraq müdafiə paktıdır:

“Əgər hər hansı ölkə Səudiyyə Ərəbistanına hücum etməyi düşünürsə, artıq qarşısında yalnız Səudiyyəni deyil, Türkiyə və Pakistanın da potensial reaksiyasını nəzərə almalı olacaq. Eyni məntiq Türkiyə və Pakistan üçün də keçərlidir”.

Politoloq qeyd edib ki, tərəflər sazişin İrana qarşı olmadığını bəyan etsələr də, sənədin regionda İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir dövrdə imzalanması müəyyən suallar yaradır.

Onun sözlərinə görə, İranın dəstəklədiyi Yəmən husiləri son günlər Səudiyyə Ərəbistanına qarşı zərbələr endirib. Husilərin Səudiyyə Ərəbistanındakı Nəcran hava limanına PUA-larla zərbə endirdiyi, həmçinin neft tankerini ballistik raketlərlə vurduğu bildirilir.

Rzayev “The Guardian”ın Səudiyyə Ərəbistanının husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşması barədə məlumat yaydığını da qeyd edib.

Onun yazdığına görə, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin iştirakı ilə çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəkləyir.

Politoloq hesab edir ki, husilərin İran tərəfindən dəstəklənməsi “Məkkə sazişi” ölkələrinin hazırda İrana qarşı hərbi müdaxiləsi anlamına gəlmir. Lakin ABŞ-İran gərginliyinin yenidən hərbi müstəviyə keçməsi vəziyyəti dəyişə bilər.

“Əgər rəsmi Tehran ABŞ-ın regiondakı hərbi bazalarını yenidən hədəfə alarsa, Ankara-Ər-Riyad-İslamabad üçlüsünün İrana qarşı hər hansı addıma cəlb olunması ehtimalı yarana bilər”, – deyə Turan Rzayev bildirib.

Onun fikrincə, İran NATO faktoru səbəbindən Türkiyəyə birbaşa zərbə endirməkdən çəkinsə belə, Səudiyyə Ərəbistanı və Pakistana qarşı mümkün hücumlar “Məkkə sazişi”nin kollektiv müdafiə mexanizmini işə sala bilər.

Rzayev vurğulayıb ki, saziş hazırda əsasən xarici təhdidlərə qarşı çəkindirmə məqsədi daşısa da, uzunmüddətli perspektivdə müəyyən risklər yarada bilər.

“Çünki bu saziş hər şeydən əvvəl ABŞ-a İranla mümkün qarşıdurmada dəstək verə biləcək yeni tərəfdaşlar qazandırır”, – politoloq qeyd edib.

Elmar

Gununsesi.info