Turan Rzayev: Pezeşkianın Azərbaycanın İrana dəstəyini etiraf etməsi münasibətlərdə yeni səhifə aça bilər

  • Müəllif: Orxan
  • 11 Avqust 2026 14:50

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın müharibə dövründə Tehrana göstərdiyi dəstəyi və yaratdığı logistika imkanlarını yüksək qiymətləndirib.

Pezeşkian ölkəsinə tətbiq edilən blokada şəraitində regional diplomatiyanın və qonşu dövlətlərin rolundan danışarkən Azərbaycanın göstərdiyi yardımı xüsusi qeyd edib.

İran Prezidenti bildirib:

“Azərbaycan bütün yolları, bankımızı bağlamışdı… Telefonla danışdıq, iki saat ərzində yenidən açdı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər, oradan çoxlu yolları -istər Rusiya ilə, istər öz yolunu açdı, nə lazımdırsa yardım göstərdilər, bizimlə əməkdaşlıq etdilər”.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində X hesabında paylaşım edərək Pezeşkiana Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə təşəkkür edib.

“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, – deyə dövlət başçısı qeyd edib.

 Gununsesi.info xəbər verir ki, mövzu ilə bağlı politoloq Turan Rzayev də münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında münasibətlər hər zaman problemsiz olmayıb. Son illərdə Bakı ilə Tehran arasında fikir ayrılıqları, qarşılıqlı narazılıqlar və siyasi gərginliklər müşahidə olunub.

Politoloq hesab edir ki, xüsusilə İran daxilində Azərbaycana qarşı neqativ və qərəzli mövqe sərgiləyən müəyyən dairələrin ritorikası iki ölkə arasındakı münasibətlərə ciddi zərər vurub.

Rzayev qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan regional əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında İranla münasibətlərin inkişafında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib.

Politoloqun fikrincə, Pezeşkianın Azərbaycanın İrana göstərdiyi dəstəyi açıq şəkildə etiraf etməsi müsbət haldır:

“İran Prezidentinin sözlərindən görünür ki, Azərbaycanın atdığı addımlar Tehran üçün yalnız siyasi jest olmayıb. İran Prezidentinin Azərbaycanın çətin günlərdə Tehranın yanında olduğunu açıq şəkildə etiraf etməsi həm real vəziyyəti ifadə edir, həm də münasibətlərdə qarşılıqlı etimadın bərpası üçün siyasi iradə nümayiş etdirir”.

Turan Rzayev bildirib ki, iki ölkə arasında münasibətlərin gələcəyi baxımından qarşılıqlı hörmət və etimad əsaslı yanaşmalar xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan və İran coğrafi baxımdan qonşudur və onların təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi maraqları bir sıra istiqamətlərdə kəsişir. Bu baxımdan münasibətlərin gərginlik üzərindən deyil, qarşılıqlı maraqlar və etimad əsasında qurulması həm Bakı, həm də Tehran üçün daha əlverişli perspektiv yaradır”, – politoloq vurğulayıb.

Rzayev İlham Əliyevin Pezeşkianın fikirlərinə müsbət və səmimi cavab verməsini də əhəmiyyətli hesab edir.

Onun sözlərinə görə, iki ölkə rəhbərinin bir-birinə qarşı sərgilədiyi mövqe həm dövlətlərarası münasibətlər, həm də şəxsi diplomatik əlaqələr baxımından önəmlidir.

Politoloq hesab edir ki, bundan sonrakı mərhələdə əsas məsələ qarşılıqlı xoş mesajların konkret addımlarla dəstəklənməsidir.

“Tehrandakı bəzi dairələr son proseslərdən düzgün nəticə çıxararaq münasibətlərdə yeni səhifə açmağı bacarmalıdırlar”, – deyə Turan Rzayev bildirib.

Orxan

Gununsesi.info