Türkiyənin məişət əşyaları və qab-qacaq satışı ilə məşğul olan “Emsan” şirkətinin Azərbaycandakı vakansiyası sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, jurnalist İlkin Muradov şirkətin elan etdiyi vakansiyanı paylaşaraq işəgötürənin tələblərini tənqid edib.
Vakansiyada “Anbardar (fəhlə)” axtarıldığı, əməkhaqqının isə 750 manat və bonus olduğu qeyd edilib. İş qrafikinin həftədə 6 gün olduğu göstərilsə də, iş saatları barədə məlumat verilməyib.
Vakansiyanın tələblərinə əsasən, namizəd anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etməli, malların faktiki miqdarını və qablaşdırılma vəziyyətini yoxlamalı, anbardan mal çıxışına nəzarət etməli, yükləmə-boşaltma işlərini həyata keçirməli və anbarın təmizliyinə, səliqəsinə nəzarət etməlidir.
Bundan əlavə, namizəddən MS Word, MS Excel və Logo Tiger proqramlarını bilməsi tələb olunur.
İlkin Muradov paylaşımında vakansiyada sadalanan vəzifələrin bir neçə fərqli işçinin görməli olduğu işlər olduğunu bildirib.
Jurnalist xüsusilə fəhlə işi ilə yanaşı, proqram təminatlarından istifadə, sənədləşmə və anbar uçotunun aparılmasının da eyni işçidən tələb edilməsini tənqid edib.
O, paylaşımını “Ali təhsilli hambal axtarılır” başlığı ilə təqdim edib və vakansiyanın əmək bazarında işəgötürənlərin namizədlərdən həddindən artıq geniş vəzifələr tələb etməsi problemini gündəmə gətirdiyini vurğulayıb.
Qeyd edək ki, vakansiyada iş saatlarının göstərilməməsi və bonusun hansı şərtlərlə verilməsi barədə ətraflı məlumatın təqdim olunmaması da diqqət çəkir.
Şirkətin sözügedən vakansiya ilə bağlı tənqidlərə münasibəti məlum deyil.
Elmar












