Sentyabrın 10-na keçən gecə Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yerləşən dəniz limanına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Gununsesi.info xəbər verir ki, UNIAN agentliyinin məlumatına görə, liman ərazisində PUA zərbəsi qeydə alınıb.
Mahaçqala Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində Rusiyanın ilboyu fəaliyyət göstərən yeganə donmayan dərin su limanıdır. Liman neft, taxıl və digər yüklərin daşınması və yüklənməsi ilə məşğuldur.
Limanın yaxınlığında Rusiyanın Xəzər Donanmasının bazası yerləşir.
Dağıstan rəhbərinin səlahiyyətlərini icra edən Fyodor Şukin Ukrayna PUA-larının Mahaçqalaya hücumu nəticəsində dəniz limanının zərər gördüyünü təsdiqləyib.
Onun sözlərinə görə, hücum nəticəsində Mahaçqala limanının infrastrukturunda yanğınlar baş verib.
Rusiyanın müdafiə sənayesi şirkəti “Fire Point” isə Mahaçqala dəniz limanının Ukrayna Müdafiə Qüvvələri tərəfindən FP-1 PUA-ları ilə vurulduğunu açıqlayıb.
Şirkətin məlumatına görə, liman ərazisində zərbələr qeydə alınıb və bundan sonra yanğın baş verib. Hücumun nəticələrinin dəqiqləşdirildiyi bildirilib.
Mahaçqala daha əvvəl də Ukrayna PUA-larının hücumlarına məruz qalıb. Şəhərdəki Mahaçqala neft emalı zavodunun da hədəfə alındığı bildirilir.
UNIAN yazır ki, Ukrayna son dövrlərdə Rusiyanın hərbi və infrastruktur obyektlərinə, o cümlədən neft emalı zavodlarına, hərbi sənaye müəssisələrinə, aerodromlara və logistika obyektlərinə uzaqmənzilli PUA zərbələrini intensivləşdirib.
Avqust ayında Ukrayna PUA-larının Rusiyanın Yaroslavl və Başqırdıstan bölgələrindəki neft emalı zavodlarını vurduğu bildirilib.












