Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb.
Gununsesi.info xəbər verir ki, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
15 fəsil və 94 maddədən ibarət Məcəllə dövlət orqanlarında qulluq keçmənin ümumi qayda və şərtlərini, eləcə də mülki növ dövlət qulluğunda çalışanların hüquqi vəziyyətini tənzimləyəcək.
Layihəyə əsasən, Məcəllə qüvvəyə mindiyi gündən aşağıdakı altı qanun ləğv ediləcək:
– “Dövlət qulluğu haqqında”;
– “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”;
– “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”;
– “Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında”;
– “Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında”;
– “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”.
Digər normativ hüquqi aktlar Məcəlləyə uyğunlaşdırılanadək ona zidd olmayan hissədə tətbiq ediləcək.
Etibarlılıq müddəti bitməmiş “Dövlət qulluğu sertifikatı”na malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə uyğun keçirilən müsahibələrdə iştirak edə biləcəklər.
Xüsusi növ dövlət qulluğunda xidmət keçmə digər qanunlarla tənzimlənəcək. Bu zaman Məcəllənin dövlət qulluğuna təyinat hüququ, müsabiqə və şəffaflıq, xidməti fəaliyyətin qiymətləndirilməsi və digər prinsiplərlə bağlı müddəaları nəzərə alınacaq.
Layihədə Məcəllənin şamil olunmadığı vəzifələrin də siyahısı müəyyənləşdirilib. Buraya Prezident, vitse-prezidentlər, Milli Məclisin deputatları, Baş nazir və müavinləri, hakimlər, ombudsman, bir sıra dövlət orqanlarının rəhbərləri, yerli icra hakimiyyəti başçıları, Naxçıvan Muxtar Respublikasının müvafiq vəzifəli şəxsləri və hərbi qulluqçular daxildir.
Məcəllə dövlət orqanlarının strukturuna daxil olmayan tabeli qurumların işçilərinə də şamil edilməyəcək. Onların əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənəcək.











