Din xadimlərinin, başqa dövlətin vətəndaşlığını qəbul etmiş və ya başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslərin dövlət qulluğu vəzifəsini tutmasına yol verilməyəcək.
Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, aşağıdakı şəxslər də dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər:
– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilənlər;
– məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
– barəsində tibbi xarakterli məcburi tədbirin tətbiqinə dair məhkəmə qərarı olanlar;
– müəyyən ediləcək siyahıdakı xəstəliklərə görə dövlət orqanlarında qulluq keçməyə uyğun olmayanlar;
– qulluq vəzifələrini yerinə yetirmədiyinə və ya lazımi qaydada yerinə yetirmədiyinə, yaxud müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər — xitam tarixindən sonrakı 6 ay ərzində.
Dövlət qulluğu üçün mövcud qanunvericilikdə nəzərdə tutulan 65 yaş məhdudiyyəti də layihədə saxlanılıb.











