ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkiləri parlamentdə qüvvələr nisbətini müəyyənləşdirəcək. Seçkinin nəticələri Donald Trampın prezidentliyinin son iki ilinə təsir göstərə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Agentliyin məlumatına görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında və Senatda çoxluğu qazanmağa ümid edir. Bu, onlara prezident administrasiyasına nəzarəti gücləndirmək və Trampın təşəbbüslərinin irəliləməsini çətinləşdirmək imkanı verəcək.
Hazırda Respublikaçılar Partiyası Konqresin hər iki palatasında çoxluğa sahibdir. Nümayəndələr Palatasında respublikaçıların 218, demokratların isə 214 yeri var. Senatda isə respublikaçılar 53, demokratlar 47 yerlə təmsil olunurlar.
Qüvvələr nisbətini dəyişmək üçün demokratların hər iki palatada əlavə dörd yer qazanması lazımdır.
“Reuters”in qiymətləndirməsinə görə, demokratların Nümayəndələr Palatasına nəzarəti ələ keçirmək şansları yüksəkdir. Senat uğrunda mübarizənin nəticələrini isə proqnozlaşdırmaq daha çətindir.
Trampın reytinqinin aşağı olması və sorğularda demokratların əlverişli nəticələr göstərməsi seçkilərin Vaşinqtondakı siyasi qüvvələr nisbətini dəyişə biləcəyinə işarə edir.
Bununla belə, agentlik qeyd edir ki, demokratlar parlamentin bir və ya hər iki palatasında qalib gəlsələr belə, Tramp veto hüququnu və geniş icra səlahiyyətlərini qoruyub saxlayacaq. Bu isə demokratların mühüm qanunları qəbul etmək imkanlarını məhdudlaşdıracaq.
Xatırladaq ki, bundan əvvəl “The Washington Post” qəzeti ABŞ-ın yetkin əhalisi arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, Trampın fəaliyyətini bəyənənlərin göstəricisi hazırda 33 faizdir.
Respondentlərin 66 faizi onun fəaliyyətini bəyənmədiyini bildirib, 52 faizi isə ABŞ liderinin fəaliyyətini qəti şəkildə dəstəkləmir.












