Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Qüdrət bəy, deputat həmkarınız Arzuxan Əlizadənin oğlu Əhmədin adı qəsdən adamöldürmə cinayətində hallanır və geniş ictimai müzakirələrə səbəb olub. Bu barədə sizin fikirlərinizi öyrənmək istərdik.
Arzuxan bəyi Xalq Hərəkatından, tələbəlik illərindən vicdanlı, xalqını sevən, onun xoşbəxt gələcəyi üçün mübarizə aparan bir şəxs kimi tanıyıram. Valideynlər övladlarının əməllərinə görə mənəvi məsuliyyət daşısalar da, dinimizdə də deyilir ki, övladın tərbiyəsində valideyinlərlə yanaşı, cəmiyyət, onun dostları , yaşadığı mühit ciddi rol oynayır. Bəzən bu və ya digər səbəbdən uşaqlar düşdüyü mühitin təsirinə daha çox məruz qalırlar. Bəzən üzləşdikləri bir uğursuz hadisə də onların həyatını tamamilə dəyişə, alt-üst edə bilir. Həyat çox mürəkkəbdir. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının açıqlamasını gözləmədən Əhmədi qətl törətməkdə ittiham etmək böyük yanlışlıqdır. Cinayət hüququnda “icraçının ekstsessi” deyilən bir anlayış var. Cinayətin iştirakçılarından kiminsə ümumi qəsddən kənara çıxan cinayət əməlinə görə digər iştirakçılar məsuliyyət daşımır. DİN-də istedadlı əməliyyatçılar, prokurorluqda savadlı müstəntiqlər var. İnanıram ki, bu qətl hadisəsi üzrə obyektiv araşdırma aparılacaq, hər kəsin əməli cinayət qanunvericiliyinə uyğun tövsif olunacaq, hər kəs öz iştirak dərəcəsinə görə layiqli cəzasını alacaq. Təqdirəlayiq haldır ki, İslam ölkəsi olsaq da, cəmiyyətdə qan qisası zəminində qətl hadisələri nadir hallarda baş verir. Bunun əsas səbəblərindən biri ölüm işləri üzrə məhkəmələrdə ədalətli qərarların çıxarılmasıdır. Burada məhkəmələrdə dövlət ittihamını müdafiə edən prokurorluğun nümayiş etdirdiyi prinsipial mövqeni də xüsusi qeyd etmək istəyirəm.
Arzuxan bəyə, qətldə dünyasını dəyişən şəxsin ailə üzvlərinə səbir diləməklə yanaşı, qeyd etmək istəyirəm ki, bu cür hadisələr dünyada ən tanınmış insanların da başına gəlir. ABŞ prezidenti Baydenin oğlu Hanter vergidən yayınma və narkotika qəbul etməsi ilə əlaqədar istintaqa yalan ifadə verməyə görə ittiham olunanda Bayden onu əfv etdi. Azərbaycana qarşı ədalətsiz mövqeyinə, Ukraynaya qarşı müharibəni dayandırmadığına görə Baydenə münasibətim olduqca tənqidi və mənfi olsa da, onun bu hərəkətini təqdir etdim. O, əhv qərarını prezident olmasına görə oğlunun fərqli rəftara məruz qala biləcəyi səbəbi ilə qəbul etdiyini bildirmişdi. Əlbəttə , Hanter şəxsiyyət əleyhinə cinayət törətməmişdi, amma ailə ona görə ailə sayılır ki, ailə üzvləri ən çətin anlarda bir-birinin yanında olsun. Güclü ailə , güclü dövlət deməkdir. Çox istərdim ki, Arzuxan bəy deputat olduğu üçün cəmiyyət tərəfindən istintaq orqanına təzyiq edilməsin, cinayət işinin istintaqı obyektiv aparılsın.












