ABŞ-dən mesaj: “Bütün vasitələrdən istifadə olunacaq” – Təzyiq, yoxsa real strategiya?

ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Vaşinqton İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcək.

İsraildə keçirdiyi mətbuat konfransında o, “İrana qarşı yeni zərbələr gözlənilirmi?” sualını cavabsız qoyaraq, ABŞ Prezidenti Donald Trampın bu məsələdə mövqeyinin aydın olduğunu deyib. Devid Vens vurğulayıb ki, məqsəd İranla normal münasibət qurmaqdır, lakin Tehranın nüvə başlığına malik olmasına icazə verilməyəcək.

Maraqlıdır, ABŞ-nin “bütün diplomatik vasitələrdən istifadə edəcəyik” açıqlaması real diplomatik strategiyanı əks etdirirmi, yoxsa bu daha çox təzyiq xarakterlidir? Bu cür bəyanatlar İsrail-ABŞ-İran üçbucağında güc balansını necə təsir edə bilər?

Əslində, ABŞ-nin İranla bağlı diplomatik ritorikasında “bütün vasitələrdən istifadə edəcəyik” ifadəsi klassik strateji qeyri-müəyyənlik nümunəsidir. Bu cür ifadələr həm diplomatik, həm də hərbi seçimlərin masada olduğunu göstərərək qarşı tərəfi istənilən addımı atmazdan əvvəl ehtiyatlı olmağa vadar edir.

Ancaq reallıqda bu cür bəyanatlar çox vaxt daha çox psixoloji və siyasi təzyiq aləti kimi istifadə olunur.
ABŞ tərəfi bu cür açıqlamalarla bir neçə məsələyə nail olmaq istəyir. Məsələn, ABŞ daxilində və beynəlxalq ictimaiyyət qarşısında göstərilir ki, Vaşinqton müharibə deyil, diplomatiya tərəfdarıdır.

Daha dəqiq, İrana mesaj verilir ki, diplomatik həll yolları hələ açıqdır, amma hərbi variant da istisna deyil.
İsrail-ABŞ-İran üçbucağında münasibətlər isə uzun illərdir gərgin və ziddiyyətlidir. ABŞ-nin bu cür bəyanatları bir neçə istiqamətdə ola bilər.

Məsələn, həm İsrailə dəstək, həm də elə İrana təzyiq, regionda qeyri-sabitlik riski və.s

Bir sözlə, hazırkı proseslər daha çox təzyiq və mesaj xarakteri daşıyır, lakin eyni zamanda diplomatik manevr imkanlarını da qoruyur.

Güc balansı isə bu bəyanatların necə həyata keçiriləcəyindən və region ölkələrinin (xüsusən İran və İsrailin) reaksiyasından asılı olaraq ya sabitləşə, ya da daha da gərginləşə bilər.

 

Elmar

Gununsesi.info