“Adı uzun, izi qısa: İlham Namiq Kamal fenomeni” - Orxan Saffari yazır...

  • Müəllif: Orxan
  • 05 Fevral 2026 10:40

Azərbaycanlılar tərəfindən əvvəlcədən əlbir olaraq mütəşəkkil şəkildə istedadı şişirdilən, qəsdən böyük sənətkar elan edilib və bununla da Azərbaycan mədəniyyətinə külli miqdarda zərbə vuran bir adam da İlham Namiq Kamaldır. Doğrudan da, İlham Namiq Kamalın bu sənətdə nə işi varsa, bilmək olmur. “Niyə gedib başqa işlə məşğul olmursan?” sualı əsl onun əyninə olsa da, ancaq o, bu sualı heç vaxt özünə verməyib. Çünki bu sualı özünə verib cavab tapmaq da hər şeydən əvvəl istedad tələb edir.

Digər bir çox aktyorlar var ki, onların heç olmasa, bir rolu da olsa var, yaxşı-pis möhür vurublar. Ən azından, yada salanda bəyənilməyən rolları var. Ancaq İlham Namiq Kamalda heç bu da yoxdur. Onun rolları “Yaxşı-pis” kateqoriyasına girmir. Birdəfəlik deyirsən ki, “əşşi, başın burax”. Onun rolları üstündə düşünmədiyin sualdır, pas deyib keçirsən. Adam bilmir ki, heç  hansı rolunu deyib yalandan and içsin.

Doğrudan, kim onun möhürünü vurduğu bir rolu bilir? Kim hansı tamaşaya baxıb deyib ki, yanasan, ay dədə, İlham Namiq Kamal neylədi? O nə performans idi? Kimsə təsirlənibmi onun hansısa rolundan?

Əlbəttə, suallar bir az da ritorikdir. Belə şey mümkün deyil ki, olsun. Çünki İlham Namiq Kamal o boy-buxunla səhnədə görünməyən adamdır. Bu, əsl faciədir: Fiziki görkəmin göz önündə olsun, ancaq səni görməsinlər.

Baxmayaraq ki, İlham Namiq Kamalın adı da çox uzundur, ancaq adam onu yaddan çıxardır, xatırlamır. Hətta bəzən adların yerini də səhv salırsan, İlham Kamal Namiq deyirsən.

Üstəlik, İlham Namiq Kamal adını deyəndə uzatmaq da istəyirsən. Deyirsən, ölmək ölməkdir, tay xırıldamaq nədir? Qoy bu əzabı bir az da çəkim. Məsələn, belə:

İlham Namiq Kamal Abdulla Anar Elçin və s.

İlham Namiq Kamalın istedadı o qədər yoxdur ki, adı heç vaxt Yəhya Kamalla da assosasiya olmur. Olmacaq da. Nəsildaşları olan aktyorların adları çəkiləndə ən axırda onun adı yada düşür, amma hamı ərindiyindən demir. Deyən adam da üç addan birini deyir, heç söhbətin nədən getdiyini bilmirsən.

Əslində, İlham Namiq Kamalın hər şeydən əvvəl siması film üçündür, ancaq özü yox. Yeganə hündür, yaraşıqlı adamdır ki, aktyor ola bilməyib, ekrana yaraşmayıb. Onun parası boyda olanlar, sifəti nursuz aktyorlar xariqələr yarandanda, İlham Namiq Kamal da Hüseynağbacı rolunu oynaya bilmirdi.

Elə bir tamaşa yoxdur ki, İlham Namiq Kamal onu pis günə qoymasın.

Onun zamanında yaratdığı, guya yenilik etdiyi miniatür teatrın da heç bir miniatürlüyü yox idi.

Şair deyir ki, olmasaydın darıxmazdım, varsan deyə darıxıram. İndi İlham Namiq Kamal bu teatrı yaratmasa da olardı, heç nə itirməzdi. Yaratdı, nə qazandıq ki? Heç o da heç kimin yadında deyil.

Yaranma səbəbi ilə bağlı deyirdi ki, bəs Rusiyada xeyli teatr yaranmışdı, mən də düşündüm ki, belə dişli, azad düşüncəli teatr bizdə niyə olmasın?

İndi adama deyərlər, ay İlham müəllim, ay Namiq müəllim, ay Kamal müəllim, hansı dişli, azad düşüncədən danışırsınız? Başa düşmədim, o necə azad düşüncədir ki, görünmədi? Azadlıq nədir ümumiyyətlə, bilirsiniz? Azad düşüncəni bu qədər şərləmək olarmı?

İlham Namiq Kamalın Azərbaycan mədəniyyətinə ardıcıl zərbələri bununla da yekunlaşmır.

Məsələn, Azərbaycanda biabırçı “stan up”-ı dəbə salanlardan biri də İlham Namiq Kamaldır. Ancaq burada tək də deyildi. Telman Adıgözəlovu da bu siyahıya aid etmək olar.

İlham Namiq Kamalın Azərbaycan mədəniyyətində izi yox, süni şəkildə yaradılmışdı tozu var. Ancaq toz özü də tozanağ ola bilmir.

Adam başa düşə bilmir ki, İlham Namiq Kamal necə dərs deyir, tələbələr ondan nə öyrənir?

Məgər “Necə istedadsız olmaq olar?”, “Rolu məhv etməyin yolları” adında dərslərmi var? Bəlkə, özü istedadsız olan müəllimlərə görə inkişaf etmir bu sahəmiz?

İlham Namiq Kamalın timsalında bir daha aydın olur ki, əslində, Azərbaycan kinosunda, teatrında nə qədər böyük boşluq olub və hələ də var.

Bir sahənin ki, Xalq artisti İlham Namiq Kamaldır, deməyə o qədər də əlavə söz yoxdur.

Orxan Saffari

Gununsesi.info