“Ankara diplomatiyası region üçün vacibdir” -ŞƏRH

ABŞ İranın mümkün cavab zərbələrindən qorunmaq məqsədilə Yaxın Şərqdə hava hücumundan müdafiə sistemlərini gücləndirir.

Gununsesi.info-nun The Wall Street Journal-na istinadən məlumatına görə, Vaşinqton regionda THAAD və əlavə bir neçə Patriot sistemi yerləşdirmə üzərində işləyir.

Bu addımın məqsədi Ağ evin İrana qarşı qəti zərbə əmri verməsi halında Tehranın adekvat cavabının qarşısını almaq, həmçinin İsraili və regiondakı Amerika hərbçilərini müdafiə etməkdir.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, hərbi əməliyyatların dayandırılması və ya müddətinin uzadılması üçün indiki vəziyyət kifayətdir.

Onun sözlərinə görə, tərəflərin, xüsusilə Ankara diplomatiyasının ortaya qoyduğu diplomatik səylərin dəstəklənməsi və sülh yolu ilə danışıqların nəticələrinin əldə olunması bütün aktorların  ilk növbədə İsrailin, ABŞ-ın və İranın  marağına uyğundur.

Deputatın fikrincə, regionda gərginliyin artmasının əsas səbəblərindən biri tərəflərin güzəştə getmək istəməməsidir.

“Nə ABŞ tutduğu sərt mövqedən geri çəkilir, nə də İran prinsipial yanaşmasından imtina edir. Xüsusilə Vaşinqtonun İrandan hərbi potensialını məhdudlaşdırmaqla bağlı tələbləri Tehran tərəfindən açıq şəkildə rədd edilir”,-deyə o əlavə edib.

 

Şəbnəm

Gununsesi.info