Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi Azərbaycanla bağlı hesabat yayacaq

  • By admin
  • 06 Yanvar 2023 17:29

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi 12-19 dekabr 2022-ci il tarixlərində Azərbaycana səfər edib.

Bu barədə Gununsesi.info-ya AŞ PA-dan göndərilən məlumatda deyilir.

Məlumata görə, səfərin əsas məqsədi Komitənin 2020-ci ildəki əvvəlki səfərindən sonra verdiyi tövsiyələr əsasında azadlıqdan məhrum edilmiş şəxslərlə polis tərəfindən rəftarın araşdırılması olub.

Səfər zamanı nümayəndə heyəti ədliyyə naziri cənab Fikrət Məmmədov və daxili işlər nazirinin müavini cənab Fazil Quliyev, eləcə də yuxarıda adı çəkilən nazirliklərin, polisin və Penitensiar xidmətin digər rəhbər işçiləri ilə məsləhətləşmələr aparıb.

Nümayəndə heyəti Baş prokurorun birinci müavini Elçin Məmmədovla da görüşüb. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Milli Preventiv Qrupun əməkdaşları ilə görüş keçirilib.

Səfərin sonunda nümayəndə heyəti Azərbaycan hakimiyyətinə ilkin müşahidələrini çatdırıb.

Öz növbəsində, vəkil Fariz Namazlı Facebook səhifəsində qeyd edib ki, 2018-ci ildə Komitə Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərinin nəticələri əsasında Azərbaycan hökumətinin cavabları da daxil olmaqla, hesabatını açıqlayıb.

Vəkilin sözlərinə görə, bu hesabatlar yalnız hökümətin razılığı ilə dərc edilə bilər.

“Həmin hesabatlarda Komitə belə nəticəyə gəlmişdir ki, işgəncə, polis və başqa hüquq-mühafizə orqanları və ordu tərəfindən pis rəftarın bütün formaları, bütün hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq halları sistematik, geniş yayılmış və müntəzəm şəkildə davam edir. Həmçinin cəzasızlıq və pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, eləcə də saxlanılan şəxslərin vəkillə və həkimlə təmin olunması, saxlanma haqqında məlumat verməsi və informasiya almaq hüququ da daxil olmaqla, hüquqi qarantiyaların təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır”.

“Komitənin hazırki səfəri barədə hesabatının nə zaman dərc ediləcəyi hökümətin istəyindən asılıdır”, deyə vəkil bildirib.

 

Mais

Gununsesi.info