Avropada qadınların hakimiyyət savaşı: Fransa və İtaliyada tarixi seçki yaxınlaşır

Avropada 2027-ci il seçkiləri yaxınlaşdıqca siyasi proseslər daha da intensivləşir. Xüsusilə Fransa və İtaliyada qadın siyasətçilərin ön plana çıxması qitənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib.
Fransada sağçı Milli Birlik Partiyasının lideri Marin Lö Pen prezident seçkilərinin əsas iddiaçılarından biri hesab olunur. O, davam edən hüquqi proseslərə baxmayaraq, siyasi fəaliyyətini davam etdirir və 2027-ci il prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, prezident Emmanuel Makronun Konstitusiyaya əsasən yenidən namizəd ola bilməməsi ölkədə siyasi rəqabəti daha da gücləndirib.
İtaliyada isə Baş nazir Corcia (Giorgia) Meloni ilə müxalif Demokratik Partiyanın lideri Elli Şlayn arasında siyasi mübarizə növbəti parlament seçkiləri ərəfəsində daha da kəskinləşir. Hər iki lider fərqli siyasi baxışları təmsil edir və onların rəqabəti ölkənin gələcək siyasi kursu baxımından həlledici hesab olunur.
Miqrasiya, iqtisadiyyat, enerji təhlükəsizliyi, müdafiə və sosial siyasət qarşıdakı seçkilərin əsas müzakirə mövzuları olacaq. Fransa və İtaliyada seçicilərin verəcəyi qərarlar isə təkcə bu ölkələrin deyil, bütövlükdə Avropa İttifaqının gələcək siyasi istiqamətinə təsir göstərə bilər.
Qeyd edək ki, son ictimai rəy sorğularına əsasən, Fransada Marin Lö Pen prezident seçkilərinin əsas favorit göstərilir. İtaliyada isə bəzi sorğular Elli Şlaynın siyasi dəstək baxımından Corcia (Giorgia) Melonini cüzi fərqlə qabaqladığını göstərsə də, digər sorğularda fərqli nəticələr müşahidə olunur. Bu səbəbdən seçkinin ehtimal nəticəsi 50/50 hesab edilir.
2027-ci il seçkiləri Avropanın son illərdəki ən mühüm siyasi hadisələrindən biri olacaq və nəticələri qitədə siyasi qüvvələr balansının yenidən formalaşmasına ciddi təsir göstərəcək.
Vüsal Artyom