“Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammiti dünyanın ən uzunmüddətli münaqişələrinin həlli ilə bağlı keçirilən bir toplantıdır və bu baxımdan təkcə son illərin hadisəsi deyil. Bəlkə də son 100 ilin ən mühüm beynəlxalq hadisələrindən biri kimi dəyərləndirilə bilər. Belə bir zirvə görüşünə Azərbaycan Prezidentinin dəvət olunması isə təsadüfi deyil”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

“Çünki bu sammitə məhdud sayda dövlət başçıları dəvət edilir və bu, ilk növbədə Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinə, onun həyata keçirdiyi müstəqil və balanslı siyasətə beynəlxalq səviyyədə verilən yüksək qiymətin göstəricisidir.
Son bir ay ərzində ölkə başçısı dörd müxtəlif, yüksək səviyyəli beynəlxalq zirvə toplantısında iştirak edib. Bu görüşlərin hər birində müxtəlif ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Prezidenti ilə öz təşəbbüsləri ilə görüşərək müxtəlif istiqamətlərdə müzakirələr aparıblar. Bu fakt da ölkəmizə və onun rəhbərinə olan diqqətin, hörmətin və etimadın bariz təzahürüdür”.
Deputat vurğulayıb ki, Azərbaycan uzun illər ərzində işğala məruz qalan dövlət kimi beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək problemin sülh yolu ilə həlli üçün daim səylər göstərib:
“Buna baxmayaraq, ən çətin dövrlərdə belə Azərbaycan iqtisadiyyatını inkişaf etdirib, enerji resurslarının diversifikasiyası istiqamətində mühüm addımlar atıb, nəqliyyat dəhlizlərini şaxələndirib və nəticə etibarilə beynəlxalq münasibətlər sistemində məsuliyyətli aktor kimi tanınıb.
Eyni zamanda, ölkəmizdə illər ərzində keçirilən humanitar forumlar, mədəniyyətlərarası dialoqun təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın sülhə sadiqliyini bir daha təsdiqləyib.
Azərbaycan heç vaxt mədəniyyətlərarası qarşıdurma tərəfdarı olmayıb, əksinə, mədəniyyətlərarası barışıq və əməkdaşlıq müstəvisində dayanaraq bu dəyərləri daim təşviq edib.
Nəticə etibarilə, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə əldə etdiyi qələbə – ərazi bütövlüyü və suverenliyinin bərpası – bütövlükdə Cənubi Qafqazda sülhə yol açıb. Azərbaycan tarixdə nadir nümunələrdən biridir: işğala məruz qalmasına və öz gücü ilə işğala son qoymasına baxmayaraq, dərhal sülh təşəbbüsü ilə çıxış edib”.
Deputat onu da qeyd edib ki, bu təşəbbüslər isə regionda sabitlik və əməkdaşlıq üçün ciddi töhfə verib.
“Bu baxımdan, bu gün sülhdən, bəşəriyyətin gələcəyindən danışmağa və buna ən çox haqqı olan ölkə Azərbaycandır”-deyə o əlavə edib.
Şəbnəm Rəhimova












