Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan təltif ediliblər.
Mükafatı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan təqdim edib.
Azərbaycan Prezidenti İlham Əliyev ‘Zayed İnsan Qardaşlığı Mükafatı’nın təqdimolunma mərasimində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycan ilə Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkür edib. Prezident həmçinin bildirib: ‘İlk növbədə, bu mükafata görə Hakimlər Komitəsinə təşəkkürümü bildirirəm. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir
Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Cənab Prezidentin belə bir mükafata layiq görülməsi çox mühüm və ciddi məsələdir:

Bu, Azərbaycan dövləti olaraq həm Ərəb dünyasında, həm də daha geniş coğrafiyada formalaşmış tolerantlıq və qarşılıqlı anlaşma mühitinin nəticəsidir. Xüsusilə vaxtilə katolik kilsəsi ilə müsəlman dünyası arasında əldə olunmuş razılaşmadan sonra meydana çıxan bu mükafatın ölkəmizə verilməsi böyük əhəmiyyət daşıyır.
Bu, ilk növbədə Azərbaycanın multikultural dəyərlərə və tolerantlığa verdiyi önəmdən irəli gəlir. Bu gün Azərbaycan müsəlmanların, yəhudilərin, katoliklərin və xristianların birgə, sülh şəraitində yaşadığı nadir ölkələrdəndir. Belə bir mühitin mövcudluğu və dövlət səviyyəsində qorunması bu mükafatın verilməsində əsas meyarlardan biri kimi qiymətləndirilib.
Tarixdə qalib dövlətlərin müharibədən sonra daha çox ərazi ələ keçirmək və ya qarşı tərəfi tam məğlub etmək yolunu seçdiyinin şahidi olmuşuq. Lakin Prezident İlham Əliyev tamamilə fərqli bir siyasət yürüdərək sülhün bərqərar olmasına üstünlük verdi. 2020-ci ildən sonra, eləcə də 2023-cü il lokal antiterror tədbirlərindən sonra Azərbaycan dəfələrlə sülh təşəbbüsü ilə çıxış etdi və sülh müqaviləsinin imzalanmasını təklif etdi.
Hətta separatçıların qalıqları üçün humanitar dəhlizin açılması, Azərbaycan bayrağı altında yaşamaq istəyən şəxslərin hüquqi prosedurlardan keçməklə ölkədə qalmasına şərait yaradılması da təklif olundu. Eyni zamanda Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər törətmiş separatçı rəhbərlərin məhkəmə prosesi qanun çərçivəsində davam etdirilir”.
Deputat əlavə edib ki, bu çağırışlar dəfələrlə, o cümlədən erməni dilində də səsləndirildi:
“Lakin separatçı qüvvələr və onların havadarları İrəvanda yenidən təşkilatlanmağa cəhd göstərsələr də, bu planlar baş tutmadı. Çünki Azərbaycan dövləti və xalqı qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə sülhün tərəfdarı idi.
Azərbaycan öz ərazisində Konstitusiyanın tam bərpasını, dövlət bayrağının hər yerdə dalğalanmasını, qanunlara uyğun idarəetməni təmin etdi. Sülhməramlı qüvvələrin ölkə ərazisindən çıxması da Prezidentin apardığı uğurlu siyasətin nəticəsi oldu.
Bu proseslər beynəlxalq ictimaiyyət tərəfindən də diqqətlə izlənildi. Azərbaycan tərəfindən heç vaxt yeni müharibə çağırışları edilmədi, əksinə sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində ardıcıl addımlar atıldı. Prezidentin göstərişi ilə yaradılan komissiyalar bu prosesdə mühüm rol oynadı.
Nəticə etibarilə, 8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın iştirakı və zəmanəti ilə iki dövlət başçısının görüşü, sülhə aparan sənədlərin və memorandumların imzalanması ilə yekunlaşdı.
Azərbaycan bu gün sülhsevər, eyni zamanda özünü qorumağa qadir güclü orduya, xüsusi xidmət və hüquq-mühafizə orqanlarına malik dövlətdir. Bu güc Zəfər paradında da bütün dünyaya nümayiş etdirildi. Xalq–dövlət birliyi, quruculuq işləri və sülh siyasəti nəticəsində Azərbaycanın belə bir beynəlxalq mükafata layiq görülməsi tam əsaslıdır. Ümid edirəm ki, bunun davamı da olacaq”.

Şəbnəm Rəhimova












