Bəzi hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi vəziyyətinin vəkillə müqavilə bağlamağa imkan vermədiyi nəzərə alınaraq yeni dəyişiklik təklif edilib. Eyni zamanda bəzi inzibati cərimələrin məbləğinin aşağı olması səbəbindən vəkil xidmətindən istifadə üçün çəkilən xərclərin cərimə məbləğini üstələməsi də bu təklifin əsaslandırılmasına səbəb kimi göstərilir.
Gununsesi.info-nun xəbərinə görə, bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin müdafiə imkanlarının zərər çəkmiş şəxslərlə bərabər səviyyədə təmin edilməsi məqsədilə qanunvericiliyə yeni norma əlavə edilməsi nəzərdə tutulur.
Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1-1-ci maddəsinə əlavənin edilməsi planlaşdırılır. Dəyişikliyə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs məhkəmədə öz yaxın qohumunu nümayəndə qismində təyin edə biləcək.
Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə, vəkil tutmaq imkanı olmayan şəxslərin məhkəmə prosesində müdafiə hüququnun daha effektiv şəkildə təmin olunacağı gözlənilir.
Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.
Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.
Orxan












