Bu şəxslərə veteran statusu veriləcək

  • By admin
  • 19 Noyabr 2021 15:53

“Vətən müharibəsində yaralanan bütün qazilərimizin müalicəsi bitməlidir ki, daha sonra onların sağlamlıq vəziyyəti qiymətləndirilsin. Artıq yaralılarımızın bir çoxu Tibbi-Sosial Ekspert Komissiyasında ekspertizadan keçib və onların əlillik dərəcələri müəyyənləşib. Bir qismi isə hələ də müalicələrini davam etdirir. Məsələn, kəllə-beyin travmasının bərpa dövrü uzun çəkir. Məncə, çox az qismi qalıb”.

Bu sözləri Publika.az-a millət vəkili Musa Quliyev deyib.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkədə əlillik sahəsində genişmiqyaslı sosial islahatların aparılmasından söz açan millət vəkili qeyd edib ki, xüsusilə zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı və həssaslıqla yanaşılır:

“Yaralanandan sonra təbii ki, onlar hərbi-tibbi hospitalda müalicə alırlar. Müalicələri bitəndən sonra hərbi həkim komissiyası rəy verir ki, onların yaralanması Azərbaycan Respublikasının müdafiəsi zamanı qeydə alınıb. Bu rəy əsasında isə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edirlər. Bəzi qazilərimizin əlillik dərəcələrinin hələlik müəyyənləşməməsi yalnız müalicə prosesinin davam etməsi ilə əlaqədardır. Burada başqa bir şey axtarmaq lazım deyil. İlkin mərhələdə müəyyən çətinliklər və gərginliklər oldu, onlar ordudan tərxis olunmalıdır ki, mülki vətəndaş olaraq Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etsinlər. Yəni hərbi xidmətə yararsızlıqları sənədlə sübut olunandan sonra əlillik dərəcəsi ala bilərlər. Müvafiq qurumlar artıq bu sahədəki müəyyən problemləri həll ediblər.

Əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə yönələn sosial ödənişlər (pensiya və müavinətlər, təqaüdlər) də mütəmadi olaraq artırılır. Xüsusilə də son 3 ildə həmin ödənişlərin orta hesabla 2 dəfə artımı barədə cənab Prezidentin sərəncamı oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında rolu olan şəxslərin, o cümlədən şəhid və Milli Qəhrəmanların ailələrinə verilən təqaüdlər də xeyli artırıldı. Bundan başqa, Azərbaycanda Vətən Müharibəsi Qəhrəmanları üçün 2000 manat ən yüksək təqaüd təsis olundu.

Gələn ilin büdcəsi artıq müzakirədədir. Bu müzakirədə də əlilliyə görə pensiyaların artımı nəzərdə tutulub. Bu şəxslər dövlətin sosial müdafiəsi altında olan insanlardır. Onların sosial müdafiəsinin gücləndirilməsi üçün cənab Prezidentin sərəncamı ilə ildən-ilə müvafiq addımlar atılır. Yəqin ki, pensiya və sosial təqaüdlər gələn il də artırılacaq”.

Musa Quliyev bildirib ki, veteran adının verilməsi ilə bağlı da işlər davam edir:

“Yəqin ki, ilin sonuna qədər bu işlər bitəcək. Döyüşdə iştirak etmiş, yaralanmış, lakin əlillik dərəcəsi olmayan şəxslərə veteran statusu da veriləcək”.

Gununsesi.info