“Cey Di Vensin Cənubi Qafqaza səfərinin çox müsbət təsir göstərəcəyini hesab edirəm. Bu səfər ümumilikdə tarixi xarakter daşıyır və xüsusi əhəmiyyətə malikdir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:
“Cey Di Vens güclü və təsirli siyasi fiqur hesab olunur. Hətta demək olar ki, Tramp administrasiyasının siyasətinin ideoloji çərçivəsini məhz vitse-prezident Cey Di Vens formalaşdırır. Böyük ehtimalla o, Respublikaçılar Partiyasının növbəti lideri olacaq və əgər respublikaçılar yenidən hakimiyyətə qayıdarlarsa, ABŞ prezidentliyi üçün əsas namizəd kimi Cey Di Vensin adı ön planda nəzərdən keçiriləcək.
Bu baxımdan Cey Di Vensin səfəri olduqca önəmlidir”.
Deputat qeyd edib ki, bu səfər onu göstərir ki, ABŞ-ın regionla bağlı siyasəti və maraqları artıq Cənubi Qafqaza, xüsusilə də mərkəzi rol oynayan Azərbaycana yönəlir:
“Bu yanaşma həm regiondakı sülh prosesinə ciddi təsir göstərəcək, həm də Cey Di Vensin Amerika siyasətinə gətirdiyi yeni reallıqları, dəyişiklikləri və yeni dünya düzənində rolların yenidən müəyyənləşdirilməsini əks etdirir. Bu kontekstdə Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın xüsusi əhəmiyyəti aydın şəkildə görünür.
Cey Di Vens 2025-ci ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransının 61-ci toplantısında çıxış edib. Həmin çıxış zamanı o, Avropa İttifaqını çox sərt şəkildə tənqid etmiş, münaqişələrə meyilli və münaqişələri dəstəkləyən Avropa siyasətçilərinə qarşı açıq mövqe ortaya qoymuş və yeni dünya düzəninə dair baxışını təqdim etmişdi. O, beynəlxalq hüquqa əsaslanan sistemli dünya düzəni yanaşmasından deyil, daha çox yeni reallıqlara söykənən siyasi realizm əsasında formalaşan bir çərçivə təklif etdi. Bu yanaşma Avropa İttifaqı ilə ABŞ arasında ciddi fikir ayrılıqlarına səbəb oldu.
Məhz bu kontekstdə Cey Di Vensin Azərbaycana səfəri, eyni zamanda, Azərbaycana qarşı qərəzli siyasət aparan, xüsusilə Avropa institutlarındakı müəyyən dairələrə də ciddi mesaj xarakteri daşıyır. Səfərin əhəmiyyəti bir qədər də ondan ibarətdir ki, yaxın zamanda regional kommunikasiya xətlərinin, o cümlədən nəqliyyat marşrutlarının açılması məsələsi də gündəmdədir.
Bütün bu amilləri nəzərə alsaq, ABŞ–Azərbaycan–Cənubi Qafqaz münasibətlərində faktiki olaraq tamamilə yeni bir mərhələnin başlandığını demək olar. Bu yeni mərhələ ideoloji, siyasi və iqtisadi aspektlərdən təhlil edildikdə, Cey Di Vensin səfərinin nə qədər mühüm və strateji xarakter daşıdığı aydın görünür. Məhz buna görə də bu səfəri son dərəcə önəmli hesab edirəm”.
Xatırladaq ki, Vens 9-10 fevral tarixlərində Ermənistanda olacaq və bundan sonra Azərbaycana səfər edəcək.
Şəbnəm












