COP29-dan sonra ölkəmiz ətraf mühit üzrə dünya gündəmində uzun illər qalacaq

  • By admin
  • 16 Aprel 2024 15:01

Uzun illər torpaqlarının 20 faizə yaxını işğal altında olan, 1 milyondan çox qaçqın-köçkününün ölkənin bütün inzibati ərazi vahidlərinə səpələnən Azərbaycan dövləti buna baxmayaraq, ötən illərdə dünyanın ən nüfuzlu tədbirlərinə ev sahibliyi edib.

 

Bu tədbirlərin əksəriyyəti də dünyanın üzləşdiyi qlobal iqtisadi çətinliklər dövrünə təsadüf edib. Amma dövlətin apardığı uğurlu iqtisadi siyasəti imkan verib ki, Azərbaycan dövləti bu tədbirləri yüksək səviyyədə keçirsin.

 

İndiyədək ölkəmiz Eurovision Mahnı Müsabiqəsindən tutmuş Formula 1, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və daha neçə-neçə beynəlxalq tədbirlərə eb sahibliyi edib.

 

2024-cü ildə isə Azərbaycan daha bir önəmli tədbirə -COP29 -a ev sahibliyi edəcək.

 

COP29 nədir?

Bu,  Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransıdır.

 

Qeyd edək ki, COP29 kimi tanınan, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv olan ölkələrin iştirakı ilə hər il bir dövlətdə baş tutur. COP29  11-24 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək.

 

Ölkəmiz bu tədbirə ev sahibliyi etməklə, ətraf mühitin qorunması prosesinə  öz tövhəsini ifadə edib.

 

Baxmayaraq ki, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınıb.

 

BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri dövlətin bütün strukturları ciddi işlərə start verib.

 

Bu o tədbirdir ki, COP 29 ərəfəsində minlərlə xarici nümayəndə, yüzdən çox ölkənin dövlət və hökumət başçısı, yüksək səviyyəli rəsmi qonaqlar ölkəmizə gələcək. Demək olar ki, iki həftə ərzində bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək.

 

COP29-un Bakıda keçirilməsinə baxmayaraq, amma ölkəmizin bütün ərazilərində ətraf mühitin mühafizəsi dövlət strukturları və özəl sektor qarşısında xüsusi vəzifə kimi qoyulub.

 

Təsadüfi deyil ki, işğaldan azad olunan ərazilərimizdə salınan yaşayış məntəqələrində buna xüsusi önəm verilir.

 

Demək olar ki, bütün yeni salınan qəsəbələrdə yaşıllıq sahələri daha böyük əraziləri əhatə edir.

Milli Məclisin deputatı Naqif HəmzəyevGununsesi.info-ya açıqlamasında bunu xüsusi vurğulayır:

“Azərbaycan işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi üçün çox ciddi addımlar atır. Baxın, “yaşıl enerji zonası”, “yaşıl kənd təsərrüfatı”, “yaşıl nəqliyyat”, “ağıllı şəhər”lər, “ağıllı kənd”lər kimi yanaşmaları tətbiq etmişik. Bütün bunları son illərdə etmişik. Bunlar da bizə əsas verib ki, COP29-a ev sahibliyi edək. Ümumiyyətlə, ətraf mühitin mühafizəsi dünyada ən prioritet sahələrdən biridir. Çünki, qlobal istiləşmə yaşadığmız dünyanı getdikcə təhdid altında saxlayır. Bunu artıq görməmək mümkün deyil”.

Deputat deyir ki, Azərbaycan neft-qaz ölkəsi olsa da artıq gələcəyə fərqli yolla gedir: “Son illərin aparılan siyasətinə diqqət edin. Bu gün iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Neft-qaz ölkəsi olan Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi buna nümunədir. Hesab edirəm ki, bu tədbirdən sonra Azərbaycan ətraf mühit üzrə dünya gündəmində uzun illər qalacaq. Ümid edirəm ki, Təşkilat Komitəsi bu işi uğurla həyata keçirəcək və dövlətimiz adına daha bir uğur yazılacaq”. 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info