İyulun 27-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, dalğıc-xilasedicilər tərəfindən vətəndaşlar – 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
“Qafqazinfo” saytının məlumatına görə, Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən hadisə vaxtı dənizdə boğulan yeniyetmələrdən birini DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu xilas edib.
Belə ki, 2003-cü il təvəllüdlü MAXE Əliyev Rəvan Şahin oğlu boğulmaqda olan 16 yaşlı Sənan Şamayevi xilas edib. O, digər yeniyetmə – 16 yaşlı Cabbarov Əli Elşən oğlunu xilas edərkən hər ikisi suda boğulub.
Bildirilir ki, yeniyetmələr dənizə Sənanın atası ilə birgə gediblərmiş.
***
09:36
Novxanı çimərliyində batan şəxslərlə bağlı araşdırma aparılır.
Gununsesi.info xəbər verir ki, ötən gün Binəqədi rayonunun Novxanı-Pirşağı yolunun kənarında yerləşən “Novxanı” ictimai çimərliyində Rəvan Əliyev və Əli Cabbarovun boğularaq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.











