Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb.
Hazırkı dövrdə bu işlər hansı səviyyədə inkişaf etdirilir?
Gununsesi.info bu sualla Milli Məclisin deputatlarına müraciət edib.
“Azərbaycanda bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun daha da inkişaf etdirilməsi sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib.
Deputat bildirib ki, ölkə başçısı tərəfindən həyata keçirilən məqsədyönlü, hədəflərə xidmət edən siyasət nəticəsində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində ölkəmizdə bu istiqamətdə çox ciddi uğurlara imza atılıb. “Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yüksək səviyyədə təşkil olunub”, – o qeyd edib.
Deputat əlavə edib ki, müstəqilliyimizin ilk illərində ölkəmiz tarixinin ən mürəkkəb dövrünü yaşadığı bir zamanda dövlətçiliyimizin mövcudluğu ciddi təhlükə altında idi: “Məhz belə bir ağır dönəmdə siyasi xəritədən silinmə təhlükəsi ilə üzləşilən dövlətimizi çox böyük dövlətçilik təcrübəsi olan ümummilli liderimiz Heydər Əliyevin müdrik, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində xilas olub, qısa zaman kəsiyində ölkəmizdə siyasi sabitlik təmin olunaraq, hüquqi dövlət kimi, müasir Azərbaycan dövləti inkişaf yoluna qədəm qoydu.
Əliabbas Salahzadə
Ulu öndərin əsas hədəfi demokratik, qanunun aliliyinin hökm sürdüyü və inkişaf edən Azərbaycan dövlətinin qurulması idi. Ona görə də Ulu öndər bu istiqamətdə qarşıya qoyulan vəzifələri bəyan edərkən deyirdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Hüquqi dövlətin inkişafının əsas istiqamətlərindən biri isə güclü vətəndaş cəmiyyətinin əsasında formalaşmasıdır.
Ulu öndər Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətdə saxlayaraq inkişaf etdirdi.
“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük dövlət qədər güclü olar”- Ümummilli lider deyirdi. Ona görə də vətəndaş cəmiyyətinin və hüququ dövlətçilyinin inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı islahatlar proqramı hazırlanaraq davamlı olaraq həyata keçirilməyə başlanıldı. Çünki bu sahə elə bir sahədir ki, bu, davamlı xarakter daşımalı və hər dövrün tələbinə uyğun şəkildə davam etdirilməlidir. Hədəf isə Azərbaycan dövlətçiliyinin dayanıqlı, davamlı inkişafını təmin edib, daha da güclü, qüdrətli dövlətə çevrilməsinə nail olmaqdır.
Bünövrəsi Ulu öndər tərəfindən qoyulan bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən də uğurla həyata kçeiirlməkdə və inkişaf etdirilməkdədir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində də sıçrayışlı inkişafa nail olundu.
“Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır”,- Ulu öndər deyirdi.
Ulu öndərin əsasını qoyduğu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində ölkədə vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılıb.
Məlum olduğu kimi, vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında ictimai qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının çox böyük rolu var. Bu baxımdan ölkəmizdə bu yöndə bir sıra mühüm addımlar atılıb. Vətəndaş cəmiyyətinin sağlam şəkildə formalaşması sabitliyin əldə edilməsində, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində, eyni zamanda sosial ədalətin təmin olunmasında mühüm faktordur.
Cənab Prezidentin qeyd etdiyi kimi, “vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.
Vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi nəticəsində Hakimiyyə-Xalq- Ordu birliyi formalaşıb. Məhz bu birlik 2020-ci ildə Azərbaycan xalqı bütövlükdə İkinci Qarabağ savaşında məhtəşəm tarixi qələbəyə imza ataraq ərazi bütövlüyünü, 2023-cü ildə antiterror tədbriləri nəticəsində suverenliyinin bərpa etdi. Əldə etdiyimiz bu uğuraırn kökündə düzgün və hədəflərə xidmət edən siyasət dayanır. Bundan sonra da bu istiqamətdəki uğurlu siyasi kursumuz davam edəcək və nəticədə Azərbaycan dünyanın güclü, qüdrətli, inkişaf etmiş ölkələrindən biirnə çevriləcək”.
“Dövlətin və cəmiyyətin dayanıqlı inkişafı, gücü hüquqi dövlət quruculuğunun düzgün tətbiqindən, daha doğrusu demokratik və qanunun aliliyinə verilən dəyərdən, idarəetmədə hakimiyyətin qollarının bölüşdürülməsi və həmin qurumların üzərlərinə düşən vəzifəsini layiqincə yerinə yetirməsindən asılıdır. Hüquqi dövlət quruculuğu dövlət var olduqca dövrün tələblərinə, çağırışların uyğun olaraq davamlı olaraq islahatlar tələb edən bir prosesdir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçib və bu yolda uğurla inkişaf etməkdədir”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Mahir Abbaszadə
Deputat bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan hüquqi dövlət quruculuğu prosesində ciddi problemlərlə üz-üzə idi: “O dövrdə ölkədə hökm sürən qeyri-siyasi sabitlik, xaos dövlətçiliyin özünü təhlükə altına almışdı. Belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin edərək, ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı. Ulu öndərin liderliyi altında hüquqi dövlət quruculuğunun təməl prinsipləri sayılan vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan idarəçilik istiqamətində siyasət həyata keçirilməyə başlanıldı. 1993-cü ildən etibarən Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Bu müddət ərzində hüquqi dövlət quruculuğunun müasir dövrün tələblərinə və əhalinin rifah halının yaxşılaşdırılması məqsədi ilə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilib və keçirilməkdədir. Hüquqi dövlət quruculuğu istiqamətində son 30 ildə görülən işləri sadalamağa başlasaq, bunun üçün bizə saatlar lazımdır. Görülən işləri qısa bir fikirlə ifadə etsək deyə bilərik ki, hüquqi dövlət quruculuğu ilə bağlı elə bir sahə yoxdur, orada ciddi uğurlar əldə edilməsin.
Hüquqi dövlət quruculuğu cənab prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Yalnız məhkəmə-hüquq islahatlarını ardıcıl və dönmədən həyata keçirməklə insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi, vətəndaş cəmiyyəti qurmaq mümkündür.
Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edəcəkdir.
Demokratik Azərbaycan sivil dünya dövlətləri sırasında öz layiqli yerini tutmaqdadır”.
Şəbnəm Rəhimova
Gununsesi.info