Dövlət qurumu hansı hallarda məlumat verməkdən imtina edə bilər? - Hüquqşünas açıqladı

  • Müəllif: Orxan
  • 31 Avqust 2026 10:45

Dövlət qurumları qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların informasiya sorğularını cavablandırmalı və tələb olunan məlumatları təqdim etməlidirlər. Lakin qanunvericilikdə məlumatın açıqlanmasının məhdudlaşdırıldığı hallar da nəzərdə tutulub.

Bu barədə hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya açıqlamasında deyib.

Hüquqşünasın sözlərinə görə, dövlət qurumu sorğu edilən məlumatın açıqlanması qanunla məhdudlaşdırıldığı halda onun təqdim edilməsindən imtina edə bilər.

Ş.Paşayev qeyd edib ki, belə məlumatlara dövlət sirri təşkil edən informasiyalar, istintaq sirri, şəxsi və ailə həyatına dair məlumatlar, kommersiya sirri, milli təhlükəsizliklə bağlı məhdud məlumatlar və qanunla qorunan digər məxfi məlumatlar aid edilə bilər.

“İnformasiya əldə etmək haqqında” qanunvericiliyə əsasən, dövlət orqanları bir çox hallarda malik olduqları məlumatları təqdim etməyə borcludurlar. Lakin məlumatın qanunla məhdudlaşdırılan kateqoriyaya aid olması bu öhdəliyə istisna yaradır.

Hüquqşünasın sözlərinə görə, dövlət qurumunda ümumiyyətlə mövcud olmayan məlumatın təqdim edilməsindən də imtina edilə bilər.

Beləliklə, dövlət orqanının informasiya sorğusuna cavab verməməsi hər zaman qanun pozuntusu anlamına gəlmir. Əsas məsələ məlumatın qanunla açıqlanması məhdudlaşdırılan informasiyaya aid olub-olmamasıdır.

Orxan
Gununsesi.info