Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, eləcə də istifadəsinin qadağan olunması təklif edilir. Bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna yeni maddənin əlavə edilməsi gündəmdədir.
Təklifə əsasən, “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda “tütün məmulatı” anlayışı dəqiqləşdirilir, nikotin tərkibli elektron siqaretlər bu anlayışa daxil edilir. Eyni zamanda qanunvericiliyə “qızdırılan tütün məmulatı” və “elektron siqaret” terminləri əlavə olunur. Beləliklə, nikotin tərkibli elektron siqaretlərin dövriyyəsi tam qadağan edilərək tütün məmulatı kimi təsnif edilir.
Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Gununsesi.info – ya açıqlamasında bildirib ki, həm adi siqaret, həm də elektron siqaret ilk növbədə ağciyər xərçənginin geniş yayılmasına səbəb olur:

“Həm siqaret, həm də elektron siqaret ağciyər xərçənginin yaranmasında əsas risk faktorlarındandır. Bununla yanaşı, yuxarı tənəffüs yolları, qida borusu, ağız boşluğu və mədə xərçənglərinin yaranmasına da ciddi təsir göstərir. Elektron siqaretlər ağciyər xərçəngi baxımından xüsusilə təhlükəlidir”.
Onun sözlərinə görə, bəzi gənclər nikotin asılılığından qurtulmaq məqsədilə elektron siqaretlərə üz tuturlar, lakin bu, daha ağır sağlamlıq problemlərinə yol açır:
“Elektron siqaretlərin tərkibində 4 mindən artıq zərərli maddə var. Bu maddələr insan orqanizmi üçün son dərəcə təhlükəlidir və xərçəng riskini artırır. Təəssüf ki, gənclər bunun fərqində olmur.”
F. Museyibov vurğulayıb ki, bir çox ölkələrdə elektron siqaretlərin qadağan olunması təsadüfi deyil və Azərbaycanda bu istiqamətdə qanunvericilik təşəbbüsünün irəli sürülməsi müsbət addımdır:
“Bu cür qanunların qəbulu son illər artan xərçəng riskinin qarşısının alınması baxımından son dərəcə vacibdir. Ölkəmiz üçün də bu, çox doğru və vaxtında atılmış addımdır”.
Ayşən Rəhim













