Sosial şəbəkələrdə son günlər gündəmi zəbt edən jurnalist Səidə Bəkirqızı və Elşad Mirinin süni intellektlə yaradılan şəkli müzakirlərə səbəb olub.
Əslində, diqqətlə baxıldığı zaman süni intellekt şəkli olduğu aydın olsa da, həmin şəklin həqiqiliyinə inananlar da az deyil.
Bir qrup şəxs isə məhz o şəklə görə hər iki tərəfi tənqid və təhqir edir.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri münasibət bildirib.
O qeyd edib ki, süni intellekt vasitəsilə şəkli ilk dəfə düzəldib paylaşanlar İran sevdalısı olan, məzhəblərini din bilənlərdi. Daha sonra cəmiyyət arasında vəhabi kimi bilinən, özlərini sələfi adlandıranlar bunu müxtəlif səhifələrdə tirajlayıblar.
“Əxlaqdan danışıb əxlaqsızlıq edənlərə nə ad vermək olar? Peyğəmbəri, imamları özlərinə nümunə götürdüyünü iddia edənlərin bu davranışlarının dinlə, Quranla, Peyğəmbərlə, imamla əlaqələndirmək mümkündürmü? Peyğəmbər özü kimi düşünməyənlərə qarşı bu cür davranış nümayiş etdirilməsini buyurubmu? Quranda bu cür hansısa ayə tapa bilərlərmi? Bütün bunlardan sonra cəmiyyət arasında bəzi özünü gah ateist, gah deist, gah da aqnostik adlandıranlar eyni əxlaqsızlığı paylaşıblar. Məsələnin qəribə tərəfidir ki, paylaşanları da tanıyıram. Biri dəfələrlə reketçiliyə görə həbs yatıb çıxan, biri qurduğu ailələrdə problemlər yaşayanlardı. Lakin mənim tərbiyəm, əxlaqım bunları açıqlamağa imkan vermir. İki ailəli insana qarşı bu cür əxlaqsızlıq nümayiş etdirənlərə qarşı da əxlaqıma sığınıram. Çünki yazdıqlarını, paylaşdıqlarını böyüklərinə deyən kimi silən bu insanların özlərinə söz demək onları ciddi qəbul etməkdi. Əsas məsələ əxlaqla savadı sintez edənlər, intellekti tərbiyələrinə sirayət etdirənlər bunu ağıl süzgəcindən keçirib həqiqəti görürlər”,- deyə o, həmçinin qeyd edib.
Qeyd edək ki, süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib.
Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişikliyi imzalayıb.
Sənədə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qanuna görə, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə – 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Sənədə görə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

Elmar
Gununsesi.info












