Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

  • Müəllif: Orxan
  • 12 Avqust 2026 01:58

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hüquqşünas Əlövsət Əliyevin sosial şəbəkədə onun paylaşımlarında şərh bölməsini bağlı saxlaması ilə bağlı iradına cavab verib.

Gununsesi.info-nun xəbərinə görə, Fazil Mustafa bildirib ki, Əlövsət Əliyevin bu iradı ilə razı deyil.

Onun sözlərinə görə, sosial şəbəkələrdə sağlam müzakirə mühiti formalaşmayıb və açıq şərh bölmələrindən bəzən fikir mübadiləsi üçün deyil, təhqir üçün istifadə olunur.

“Tamamilə uyğunsuz bir irad olduğunu düşünürəm. Çünki öz yazdığı statusun altında irqi, cinsi bəlli olmayan bir neçə adam dərhal özünü yetirib təhqir yazır. Doğrudanmı, hörmətli Əlövsət bəy, bizim sosial şəbəkə məkanında sağlam müzakirə mühitinin olduğuna inanırsınız?” – deyə deputat yazıb.

Fazil Mustafa elmi və düşüncə müzakirələrinə açıq olduğunu bildirib:

“Bəli, istənilən elmi, düşüncə müzakirəsinə tam açığam və aparıram da. Bütün yazılarımı burada açıq paylaşıram. Ancaq mövzunun istiqamətini dəyişib başqa yerlərə aparanda və saxta profillər üzərindən müzakirə mühitini məqsədli şəkildə korlayanda gərək işini-gücünü atıb gün boyu mücərrəd varlıqlarla yazışasan”.

Deputat qeyd edib ki, bütün yazılarını ictimai müzakirəyə açmaq məcburiyyətində olmadığını düşünür. O, fikirlərini bölüşmək istəyən şəxslərin ona “Messenger” vasitəsilə yaza bildiyini, dəyər verdiyi insanlarla isə telefon və elektron poçt vasitəsilə fikir mübadiləsi apardığını bildirib.

Fazil Mustafa son dövrlərdə yazılarına və fikirlərinə görə şəxsinə qarşı hücumların artdığını da iddia edib.

“Son müzakirələr də göstərdi ki, gerçəkdən xeyli qaragüruhçu mövzunu təhlil etməkdən, fikirləri müzakirə etməkdən çox, şəxsimə hücum etmək üçün fürsət axtarır”, – deyə o qeyd edib.

Deputat Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə münasibətlə bağlı da fikirlərini bölüşüb.

O, bəzi şəxslərin Rəsulzadənin dövlət quruculuğundakı rolunu aşağılayan mövqedə olduğunu bildirib və tarixə fərqli yanaşmaların müzakirə edilməsinin vacibliyini vurğulayıb.

Fazil Mustafa həmçinin “Azərbaycan: qaranlıq keçmişdən aydınlıq tarixə” kitabında irəli sürdüyü fikirlərin tənqid edilməsinə münasibət bildirib.

Onun sözlərinə görə, kitabdakı tezislərə tutarlı arqumentlərlə etiraz edən şəxslərin fikirlərini qəbul etməyə hazırdır:

“Mən öz fikirlərimi daha geniş formada çap olunan kitablarımda da açıq yazıram və bütün görüşlərimin də arxasındayam. Kimsə tutarlı arqumentlərlə hansısa fikrimi təkzib etsə, məmnuniyyətlə qəbul edib, yanlışımı da düzəldərəm”.

Deputat Azərbaycanın müasir tarixinin başlanğıcı ilə bağlı mövqeyini də təkrarlayıb. O, “aydınlıq tariximizin Axundovdan, Zərdabidən başladığını” yazdığını və bu fikrini dəlillərlə əsaslandırdığını bildirib.

Fazil Mustafa həmçinin özünün uzun illərdir müxtəlif hücumların hədəfi olduğunu, buna baxmayaraq, mövqeyini dəyişmədiyini qeyd edib.

“Real güllələrin, həm də söz güllələrinin illərdir hədəfinə çevriləndə çox az sayda Azərbaycan ziyalısının dəstəyini gördüm. Buna baxmayaraq öz gücümlə, yazımla, iradəmlə istənilən axının qarşısında kimsənin dəstəyinə güvənmədən durmağa bacardım”, – deyə deputat bildirib.

O, sosial şəbəkələrdə fikir mübadiləsinin mövcud vəziyyətini də tənqid edib və bəzi şəxslərin sağlam mühakimə yürüdən insanlara qarşı təzyiq göstərdiyini iddia edib.

Fazil Mustafa sonda bildirib ki, onun fikirlərinə qarşı elmi və məntiqi əsaslandırılmış mövqe ortaya qoyulacağı təqdirdə buna cavab verməyə hazırdır.

“Bəli, saxta tarixin təftişindən deyil, yanlış bilgilərdə israr etməkdən qorxmaq lazım. Çünki inanılan bilgilərlə həqiqət bir-birindən fərqli ola bilər”, – deyə o əlavə edib.

Orxan

Gununsesi.info