
“Toplum TV” işi ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.
Gununsesi.info xəbər verir ki, hazırda Xətai Rayon Məhkəməsinə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün aparılır.
F.İsmayılov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Bu gün “Toplum TV” işində ibtidai istintaq tamamlanıb, yekun ittihamlar elan edilib.
Şərait dəyişdiyindən Fəridin də həbsi üçün təqdimat verilib.
Fərid İsmayılovla Nihad İbrahimxəlilov (Libertain) da saxlanılıb.
Məhkəmənin qərarı ilə Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb.
Bu barədə Gununsesi.info-ya vəkil Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, vəkillər cinayət işi materialları ilə tanış olmaq üçün dəvət edilib.
Qeyd edək ki, ötən il martın 6-da “Toplum TV”nin ofisində axtarış aparılıb.
Bakının Nərimanov rayonu Y. V. Çəmənzəminli küçəsi, ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.
Bakı şəhəri Xətai Rayon Məhkəməsində “Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürüldüyü bildirilir.