Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı…

  • By admin
  • 04 Avqust 2020 09:58

“İki həftədir ki, Gürcüstan tərəfi Rusiyadan Ermənistana gedən yüklərin sərhədi keçməsinə icazə vermir. Bunlar dağ-mədən, yol tikintisi və s. kimi sənaye məqsədləri üçün istifadə olunan partlayıcı maddələrdir. Rusiya istehsalı  olan partlayıcı maddə daşıyan avtomobillər Larsda Rusiya tərəfinin bütün prosedurlarından keçib, lakin Gürcüstan tərəfi onların gömrük sərhədini keçməsini qadağan edib”.

Gununsesi.info xəbər verir ki, bu haqda səhər saatlarında işğalçı ölkə saytları məlumat yayıb.

“Bu yüklər “Geopromining” mədən şirkəti və Ağarak mis-molibden kombinatının işi üçün nəzərdə tutulub”- Aravot.am-a verdiyi müsahibədə partlayıcı maddələr istehsal edən Rusiyanın “Promsintez” şirkətinin xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Anna Batikova belə deyib.

Onun sözlərinə görə, illərdir “Geopromining”, Ağarak Mis-Molibden Kombinatı və s. erməni şirkətləri bəhs edilən məhsulları Ermənistana idxal edir.

“Bu il artıq 40-a yaxın yük maşını göndərilib. Yüklər hər ay müəyyən olunmuş qaydada göndərilməlidir. Biz Gürcüstan hökumətinə, gömrük xidmətinə məktublar yazdıq, heç bir cavab almadıq. Yüklərin Ermənistana verilməsinin nə üçün qadağan olunduğunu izah etmirlər. Üstəlik, bu, ilk dəfə olur. Ən böyük şirkətlərdən biriyik, uzun illər təcrübəmiz var və illərdir Ermənistana yük göndəririk, indiyədək heç bir problem yox idi”- deyə Batikova bildirib.

Xatırladaq ki, iyulun əvvəlində Ermənistan_Azərbaycan sərhəddindəki bir neçə günlük qarşıdurmalardan sonra  Gürcüstan ərazisindən Serbiya və Rusiyadan Ermənistana silah daşınması barədə informasiyalar yayılmış, Gürcüstan rəsmləri isə bunları təkzib etmişdi.

Bu günlərdə  İSƏGürcüstan  baş nazirinin müşaviri İrakli Çikovani Rusiyanın Gürcüstandan keçməklə Ermənistana 300 hərbi avtomobil göndərməyə hazırlaşdığı barədə son məlumatları da dezinformasiya adlandırıb…

Sözardı: Heç kəs zəmanət vermir ki, illərdir Gürcüstan ərazisi vasitəsi ilə Ermənistana daşınan Rusiya sənaye(?) partlayıcıları işğalçı ölkə tərəfindən hərbi məqsədlər üçün istifadə edilmir… Rəsmi Tiflisin bəhs edilən yükləri saxlaması bəlkə də həmin şübhələrlə bağlıdır…

Gununsesi.info