Həbsdə olan jurnalist Polad Aslanovun xanımı Gülmirə Aslanova aprelin 4-də Penitensiar Xidmətin binası qarşısında aksiya keçirib.
Gununsesi.info xəbər verir ki, O, 1 saylı cəzaçəkmə müəssisəsində həyat yoldaşının döyülməsinə etiraz edib.
Ötən həftə o,həyat yoldaşına baş çəkib və onun üzündə zorakılıq əlamətlərini görüb:
“Üzü şişmişdi, üzündə və boğazında dırnaq izləri vardı”, – Aslanova deyib.
Məlum olub ki, Poladı kamera yoldaşı döyüb. “Bu məhbus Poladın istənilən hərəkətinə sərt reaksiya verir. Ondan tələb edir ki, “danışmasın”, “gülməsin”.
Müəssisə rəisi insident faktını təsdiqləyib və bildirib ki, həmin məhbusu cərimə kamerasına salaraq cəzalandırıblar”, – Aslanova deyib. Lakin o, bunun qəsdən təxribat olmasına əminir.
“Birinci dəfə deyil ki, koloniyada Poladı döyürlər”, – o qeyd edib və həyat yoldaşına qarşı zorakılığın araşdırılmasını tələb edib. Polada hücum edən məhbus başqa koloniyaya köçürülməlidir.
Aslanova hesab edir ki, Polada təzyiq onun öz hüquqları uğrunda mübarizə aparması və koloniyada mənfi halları üzə çıxarması ilə əlaqədardır.
“Başqa məhbusların əliylə həyat yoldaşıma qarşı qəsdən təxribatlar törədirlər. Administrasiyanın icazəsi olmadan heç bir məhbus siyasi məhbusa əl qaldırmağa cəsarət etməz”, – o deyib.
Aslanova prokurorluğa, ombudsman aparatına, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciətlər göndərib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsində şərh almaq mümkün olmayıb.
Günay
Gununsesi.info