Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dinşunas Tural İrfan hesab edir ki, bu qanun dinə tam uyğundur :

“Bu elə uşaqların hüquqlarının qorunmasına xidmət edir, nəinki pozulmasına. Ona görə ki, Quran məntiqinə görə insan püxtələşməlidir, tam həddi buluğa çatmalıdır. Buna Quran dilində rüşd həddi deyirlər ki, hətta evlənməyinə qərar da o hədddən sonra verilməlidir. Bu, indi müxtəlif coğrafiyalara görə yaş fərqi ola bilər. İsti və soyuq yerlərdə insan bu dövrə fərqli yaşda çata bilər. Ümumiyyətlə, bu o deməkdir ki, insanın tam müstəqil şəkildə həyatda sosial və digər yönlərdən özünü ayaq üstə saxlaya bilməsi, müstəqil qərarlar qəbul edə bilməsi, ailə idarə edə bilməsi həddinə çatmasıdır.
Bu da inancla da bağlıdır. İnsan təbii ki, başqa təsirlərlə hansısa inanca sahib olmamalıdır. Eyni zamanda bizim dünyada inkişaf edir, artıq elm əql dünyasıdır.
Yəni, da keçmişdəki kimi məsələ nələrsə inanclara əsaslanaraq, keçmiş ədət-ənənələr əsasında götürülməməlidir. Bu baxımdan bir mütərəqqi qərardır və uşaqların tam hüquqlarının qorunması üçün çox vacib və önəmli bir məsələdir. Biz mütəmadi olaraq şahid oluruq ki, bəzi bölgələrimizdə, bəzi adı dini ayin, dini tədbir qoyulmuş mərasimlərdə orta məktəb şagirdləri aparılıb orada müxtəlif ayinlərə cəlb edilirdilər.
Hətta xarici təsirlərin olduğu siyasi din pərdəsi altında siyasi şüarlar səsləndirməyə qədər sövq edilən vaxtlar olubdur. Həmçinin qız uşaqlarının gənc yaşda başlarının örtülməyə məcbur edilməsi və s. kimi hallar olub. Təbii ki, bunlar ola bilər, ancaq insanlar tam qərar vermə qabiliyyətinə malik yaşa çatdıqdan sonra, tam müstəqil şəkildə özləri pisi yaxşıdan ayırd etdikdən sonra və bu əqidələr haqqında, dinlər haqqında, inanclar haqqında tam biliyə malik olduqdan sonra yiyələnə bilərlər.
Təbii ki, Azərbaycanda da orta məktəblərdə dini tədris olunmur, təhsil yoxdur. Odur ki, orta məktəb uşaqlarının da həddi buluğa çatandan sonra din haqqında məlumatları məhdud olduğuna görə, məlum məsələdir ki, valideynlər bunları məcbur edirlər, nəyəsə təşviq edirlər. Bu da doğru deyil.
Bu, milli həmrəyliyimizi pozur. Çünki dinlər vahid bir halda formalaşmayıb. Hətta bugün tolerantlıq dövlət tərəfindən tətbiq olunur və bunun sayəsində müəyyən sabitlik yaranıb.
Yoxsa dünyanın bütün ölkələrində din savaşları, məzhəb davaları olur. Eyni zamanda müsəlman aləmində də bu cürdür. O baxımdan, ölkəmizdə də müxtəlif dini konfensiyalar, inanclar və məzhəbləri nəzərə alsaq, əgər hər valideyn övladını öz bildiyi, inandığı əqidəyə məcbur etsə, hansı bir mənzərə yarana biləcəyini təsəvvür etmək çətin deyil. Ona görə heç bir valideyn övladını məcbur etməməlidir”.
O əlavə edib ki, insan özü bütün dini kitabları tam oxuyub anlamaq yaşına çatdıqdan sonra, müstəqil şəkildə, valideynin və digərlərinin təsiri olmadan hansısa dini məzhəbi qəbul edə bilər və ona uyğun ayinləri keçirə bilər.
“Ancaq bu qanun belə deyək ki, əsl endirilmiş dinin ilahi fəlsəfəsinə tam cavab verir, tamamilə insan azadlığına, uşaq azadlığına xidmət edir. Mən hesab edirəm ki, tətbiqi çox məqsədəuyğundur və müsbət nəticələr verəcəkdir.
Əslində, son dövrlərdə dövlətin dinlə bağlı qəbul etdiyi qərarlar ümumiyyətlə İslam dininin həqiqi mahiyyətinə, əsl ilahi məntiqinə tam cavab verir. Təəssüf olsun ki, xalqımız arasında başqa İslam ölkələrində olduğu kimi, uydurulmuş xurafat və mövhumat tərkibli dini, əsl dini hesab edirlər. Bu, tarixin çətinliklərindən, təhriflərdən və zədələnmələrdən doğan bir ənənədir ki, İslam adı ilə sırınır.
Halbuki əsl İslamın mahiyyəti məhz düşünülmüş, təcrübədən keçmiş və qarşıya çıxan zərurətlərdən doğan dövlət qanunlarına uyğundur. Mən hesab edirəm ki, bu qanunun qəbul edilməsi çox müsbət addımdır və bu, cəmiyyətin sağlam olmasına, din-dövlət münasibətlərinin doğru istiqamətə inkişafına xidmət edəcək, həmçinin uşaqların hüquqlarını qoruyacaq. Onlar valideynləri tərəfindən xurafi və mövhumat xarakterli inanclara məcbur edilməyəcəklər”,-deyə Tural İrfan əlavə edib.












