İlin ən çox axtarılmayan müğənnisi - Orxan Saffari yazır…

  • Müəllif: Orxan
  • 21 Aprel 2026 10:15

“Rakka-çiko” üslubunda “Nanay-ninay” mahnılar müəllifi Talıb Talehi, serjant sevgilisindən ayrılan dırnaq ustası Gülkaların sevimli müğənnisi Aqşin Fatehi, hətta mahnıların insan ruhuna zərərli qida olan Miri Yusifi də necəsə  bir gün bu dünyada başa düşmək olar.

Fəqət adamın yadında ancaq azc kökəlib-arıqlaması, rəngli kostyumları ilə qalan (zəruri qeyd: Kostyumun patenti İzzət Bağırovdadır) Elnur Məmmədovu anlamaq mümkün deyil.

Yəni lap tutaq ki, anladıq, bəs sonra? Sonra nə olacaq bu fani dünyada? Başa düşülmək hissi Elnur Məmmədovun nəyinə gərəkdir?

Səsi ilə cəmi bir könülü belə fəth edə bilməyən, nəinki bircə mahnı, heç mahnının nəqarəti ilə də yadda qalmayan, sənətə damğa vurmağı özünə qadağan edən Elnur Məmmədovun səhnədə nə işi varsa, hələ də bilinmir.

O deyirlər e, bir özü bilir, bir Allah. Bax Elnur Məmmədovun məsələsini təkcə Allah bilir. Özü bilən iş deyil.

İllər əvvəl belə bir xəbər yayılmışdı ki, sən demə, Elnur Məmmədovun səs tellərində problemlər yaranıb, o da bir müddət musiqi fəaliyyətinə ara verib. Daha sonra isə bərpa edib. İndi araşdırıb tapmaq lazımdır ki, onun səs tellərindəki problemin aradan qalxdığı yalanını kim deyib?

Elnur Məmmədov tək-tük müğənnilərdəndir ki, heç qalmaqal da yarada bilmir. Bir çox səsi, sənəti olmayan müğənnilər var ki, adam onları qalmaqalla da olsa, xatırlayır. Elnur Məmmədov bu məsələdə də istedadsızdır.

Təsəvvür edin, indiyə qədər 250-dən çox mahnısı yayımlayıb. Ancaq ölkədə 250 nəfər sevəni də yoxdur.

Yox, tanınmağına tanınır. Daha dəqiq, Elnur Məmmədovun siması tanışdır, ancaq onun da tez-tez adı adamın yadından çıxır.

Məsələn, qəfil hansısa pencək modelinə baxmaq üçün adını axtaranda, adam çaşıb ququlda Elnur Hüseynov yazır. Sonra görürsən ki, yox, bu Məmmədov imiş.

Elnur Məmmədov xeyriyyə tədbirlərində aktiv iştirakına görə bir sıra mükafatlara layiq görülüb. “İlin müğənnisi” və “İlin xiti” milli mükafatlarının qalibi olub.

İndi Elnur Məmmədova bir mükafat da düşür:

“İlin ən çox axtarılmayan müğənnisi”.

Yeganə müğənnidir ki, fanatı yoxdur. Bu, Azərbaycan səhnəsində bir ilkdir. Dinləyicisi olmayan müğənni. Təbriklər, Elnur, supersən.

Məsələn, heç kimin onu görmək kimi bir arzusu, istəyi də yoxdur. Yaxşı xatırlayıram, bir dəfə Bayılda taksi ilə gedirdik. Elnur Məmmədov “kruqu” gözləyəndə bir qədər tələsdi. Sürücü dedi, bu mənə tanış gəlir. Dedim ki, müğənnidir, Elnur Məmmədov. Dedi, bıy, həə, o toppuş gədə? Ə, onda keçirəm qabağına, yol verməyəcəm ona. Sonra da üzünü mənə tutub pis-pis güldü.

Taksi sürücüsünün niyə belə etdiyini bilmədim, ancaq onu başa düşdüm. Deyərdim, Elnur Məmmədova bu da azdır. Üstəlik, nə yalan deyim, özümün də xoşuna gəldi. Hətta rol arxasında mən olsaydım, qəsdən qəza şəraiti yaradardım ki, qorxsun. Elnur Məmmədov həyatını itirməkdən təbii olaraq qorxardı. Ancaq onun səsini itirmək kimi qorxusu yoxdur. Çünki ortada, o boğazda itiriləcək bir səs yoxdur.

İnternetdə də Elnur Məmmədov haqqında məlumatlara az rast gəlinir. Heç çox müsahihəsi də yoxdur. Qarşıma belə bir müsahibə də çıxdı. 2011-ci ildə “Əsəbiləşdə nə edirsiniz?” sualına belə cavab verib:

“Otağın qapısını bağlayır, heç valideynlərimi də içəri buraxmıram”.

Oyyy, çox qorxdum. Dəlisov.

Ancaq onu deyim, bu cür adamlar maraqsız olmaqları ilə maraqlıdırlar. Məsələn, adamın həvəsi ola, gedib görüşəsən, deyəsən ki, müsahibədir, səsini yazıram. Sonra başlayasan sənətdən sual verməyə. Nə bilim, necə oxumaq lazımdır, musiqimiz hansı vəziyyətdədir. Axırda da deyəsən, bəs gənc müğənnilərə məsləhətləriniz necədir? O da danışa özü üçün.

Təbii, sənətə töhfə vermək üçün axırda da səsi siləsən ki, müsahibə alınmasın.

Orxan Saffari

Gununsesi.info