“Köçəryan İranı Ermənistanın daxili işlərinə müdaxiləyə çağırır”

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan son açıqlamaları ilə diqqət çəkib.

O, baş nazir Nikol Paşinyanın ABŞ-la yaxınlaşmasını və “Tramp yolu” layihəsini tənqid edərək, layihənin İrana qarşı olduğunu və ABŞ-ın Ermənistan-İran sərhədində mövqeyini gücləndirmək istədiyini bildirib.

Gununsesi.info bildirir ki, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Robert Köçəryan son açıqlamalarıyla Paşinyanla yanaşı Tramp administrasiyasını da hədəf seçib:

“Fikrimcə, ABŞ-ın İrəvandakı səfirliyi Köçəryanın açıqlamalarına cavab vermək məcburiyyətindədir. Çünki, Köçəryan “Tramp yolu”nu bölgədə qarşıdurmaya rəvac verəcək layihə kimi təqdim edib. Halbuki, layihə bölgə ölkələri arasında sabitliyə və əməkdaşlığa imkan verəcək. Bəli, sirr deyil ki, Vaşinqton “Tramp yolu” xətti ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin zənginliklərinin Qərb bazarlarına daşınmasında maraqlıdır. Buna baxmayaraq, nəqliyyat yolu vasitəsilə Ermənistan – İran sərhədinin nəzarət götürülməsi fikrinin absurd olduğu dəfələrlə sübut olunub. Azərbaycan İran ərazisindən keçəcək “Araz dəhlizi” nəqliyyat xəttindən də istifadə edəcək. Köçəryanın məntiqinə görə, onda Azərbaycan da “Araz dəhlizi” vasitəsilə Ermənistan-İran sərhədini nəzarətə götürəcək.

Halbuki, bu da sırf iqtisadi layihədir. Hər halda Köçəryan İrandakı mühafizəkarlara belə bir mesaj göndərib: “Nikol Paşinyan ABŞ-ın Ermənistanda yerləşməsinə şərait yaradıb və bu İrana qarşıdır, buna görə də baş naziri devirmək lazımdır”. Yəni Köçəryan İranın Ermənistanın daxili işlərinə qarışmasını – ölkəsinə müdaxiləsini istəyib. Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdı”.

 

Şəbnəm

Gununsesi.info