“Kreml Paşinyanın bu qərarından təəssüflənir”

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyindən təəssüfləndiyini bildirib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Əgər bu, həqiqətən də belədirsə, təəssüfümüzü ifadə edə bilərik. Biz başa düşürük ki, hər bir hökumət başçısı və ya dövlət başçısının iş qrafikində öz tədbirləri və öz şəraiti ola bilər. Ancaq təəssüf hissini ifadə etmək olar, çünki bu cür görüşlər fikir mübadiləsi, saatların sinxronlaşdırılması üçün çox yaxşı fürsətdir”, – Kreml nümayəndəsi Rusiya mətbuatına istinadən bildirib.

Bundan əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Ermənistanın baş nazirinin noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirak etməyəcəyi barədə məlumat yayıb.

Paşinyan bu barədə Belarus tərəfinin təşəbbüsü ilə baş tutan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında bildirib.

“Noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Baş nazir Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının bu qərara anlayışla yanaşacağına ümid etdiyini bildirib”, – Ermənistan hökumətinin məlumatında deyilir.

Gununsesi.info