İranın yeni Ali Rəhbəri Müctəba Xamenei Tehrandakı Sina Xəstəxanasına yerləşdirilib.
Gununsesi.info bildirir ki, bu haqda sosial şəbəkədə İran Dövlət Teleradiosunun keçmiş aparıcısı Ehsan Kərəmi “X” hesabında xəbər yayıb.
O, bildirib ki, Müctəba Xameneyi mədəsindən və ayağından ciddi xəsarətlər alıb, hazırda süni tənəffüs aparatına qoşulub və müharibənin başladığını, ailəsinin bombardmanda öldüyünü, lider olduğunu belə bilmir:
“Cərrahi əməliyyatı doktor Zəfərqəndi, doktor Mərəşi (Haşimi-Rəfsəncaninin qayını, Behişti Universitetinin cərrahiyyə şöbəsinin müdiri) ilə birlikdə həyata keçirib. İran Prezidenti Məsud Pezeşkianın iki gün öncə Zəfərqəndinin yanında olmasının səbəbi Müctəbanı ziyarət etmək olub və o, Xameneyinin oğlunun vəziyyətindən tam xəbərdardır.
Sina Xəstəxanasında vəziyyət gərgindir və yalnız bir neçə nəfərin reanimasiya şöbəsinə daxil olmasına icazə verilir”.
“The New York Times” nəşri isə İran və İsrail rəsmilərinə istinadən belə bir məlumat yayıb ki, Müctəba Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumların ilk günü ehtimal ki, ayağından yaralanıb. Lakin onun xəsarətlərinin dərəcəsi barədə dəqiq məlumat verilməyib.
Nəşrin yazdığına görə, M.Xamenei hazırda ayıq vəziyyətdədir və təhlükəsizlik səbəbilə yüksək mühafizə olunan gizli bir məkanda saxlanılır.
“Onun olduğu yerin müəyyən edilməməsi üçün rabitəsinin də məhdudlaşdırıldığı bildirilir”, – məlumatda bildirilib.












