Münaqişələrin həllində qadınların rolu artırılmalıdır - Bahar Muradova

  • By admin
  • 02 İyul 2016 11:52

bahar

 

“Dünyadakı münaqişələrin həllində qadınların rolu artırılmalıdır. Çünki dünyada baş verən münaqişələrin əksər qurbanları qadınlar olur və daha çox onlar acı çəkir”. Gununsesi.info xəbər verir ki, bu fikirləri ATƏT-in Parlament Assambleyasının Tbilisidə keçirilən illik sessiyasında çıxışı zamanı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Onun sözlərinə görə, bu münaqişələrdə analar övladlarını, həyat yoldaşlarını itirir və nəticədə qadınlar münaqişənin əsas qurbanlarına çevrilirlər. “Qadınlar yurd-yuvalarını tərk edir və köməksiz vəziyyətdə acınacaqlı həyat tərzi sürməli olurlar. Bütün bunları nəzərə alaraq münaqişələrin həllində qadınların rolu gücləndirilməlidir. Hesab edirəm ki, qadınlar münaqişələrin həllində müstəsna xidməti ola bilər”, – deyə B. Muradova vurğulayıb.

Vitse-spiker çıxışı zamanı son zamanlar təşkilata üzv olan ölkələr arasında anlaşılmazlıq səviyyəsinin artmasından təəssüfləndiyini bildirib. Bu baxımdan, o, qətnamə və hesabatların hazırlanmasında, o cümlədən bəzi ölkələrlə bağlı Helsinki Yekun Aktının prinsiplərinin pozulması zamanı Azərbaycanın artıq 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nəzərə alınmayıb.

“Təəssüf ki, ATƏT məkanında həlli uzadılmış münaqişələrin nizamlanması və təqdimatının Avropanın təhlükəsizliyi üçün əsas təhdid olması fonunda işğala son qoyulması tələbi sənəddə əks olunmayıb. Azərbaycanın işğal altında olan torpaqlarında insan itkiləri ilə nəticələnən aprel hadisələri buna parlaq nümunədir. Münaqişələrin tam həlli üçün çağırışlara dair qətnamə layihəsində bizim də bu çağırışlarla əlaqədar düzəlişlərimizin qəbul ediləcəyinə ümid edirik”, – deyə Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri bildirib.

Gununsesi.info