Xaosa hesablanan referendumun acı nəticələri… - MÜRTƏZA BÜNYADLI YAZIR

  • Müəllif: admin
  • 26 Sentyabr 2017 16:22

murteza bunyadli

Sentyabrın 25-də İraqın şimalında kürdlərin keçirdiyi referendum kimin qəbul edib-etməməsindən asılı olmayaraq İraq ərazisində Kürdüstan dövlətinin yaradılması istiqamətində atılan növbəti addım oldu.

İlk olaraq onu demək lazımdır ki, Ərbilin addımları düşünülməmiş bir nəticəyə və hansısa maraqlara xidmət etdiyi ortadadır. Əgər Ərbil düşünülmüş addım atsaydı, qərarlarında ardıcıllıq olardı. Ancaq hansısa korporativ maraqlara söykənən qərarlar qəbul etməklə Bərzani əslində təkcə bölgəni deyil, eyni zamanda kürdlərin özlərini çox çıxılmaz vəziyyətə saldı. Nəticəsi bəlli olmayan addımlar atmaqla Bərzani prosesləri dalana dirəmiş oldu. Məhz bu düşünülməmiş addımlar nəticəsində bölgə hələ uzun illər boyu barıt çəlləyi rolunu oynayacaq. Bölgə dövlətləri, xalqları ilə yanaşı, bundan hər tərəfli əziyyət çəkən elə kürd xalqının özü olacaq. Çünki yüz ildən artıqdır büyük güclər bu xalqdan və onun bəzi “baş bilən”lərindən istifadə edərək bölgədəki maraqlarını təmin etmək üçün istifadə edir və hələ də uzun onilliklər boyu istifadə edəcək. Bu qanlı-qovğalı savaşda isə ortada ölən, yaralanan, böhranlardan əziyyət çəkən, digər qonşu xalqlarla düşmən vəziyyətə düşən sadə kürd xalqı olacaq. Bu referendumu qısaca olaraq nəticəsi nəticəsizliyə hesablanan oyun hesab etmək olar.

Odur ki, indi hamını düşündürən bir məsələ var. Bu da ondan ibarətdir ki, bundan sonra proseslərə hansı məcrada davam edəcək. Bölgədə yeni müharibə və ya hərbi qarşıdurmalarla müşayiət olunan hərbi əməliyyatlar olacaq, yoxsa proseslər siyasi yolla danışıqlar masası arxasında davam etdiriləcək.

Proseslərin gələcək inkişaf dinamikasına gəldikdə isə hesab edirəm ki, qarşımızdakı bir neçə ay müddətində bölgənin xəritəsinin yenidən cızılmasının əleyhinə çıxan ölkələrin göstərdiyi mövqe nəticəsində hərbi-siyasi gərginlik davam edəcək. Hətta proseslərin hərbi toqquşmalar həddinədək qalxması da istisna deyil. Lakin proseslərin hərbi toqquşmalar səviyyəsinə qalxması ehtimalı elə də ağlabatan görünmür. Sadəcə bölgədə yeni dövlətin yaranmasını istəməyən ölkələr tərəfindən Ərbilə hərbi-psixoloji təzyiqlər pik həddinə qalxacaq. Ancaq tədricən müəyyən bir səngimə prosesi baş verəcək. Daha doğrusu, proseslərin danışıqlar masasına siyasi yolla həlli müstəvisinə keçəcəyindən gərginlik müəyyən mənada səngiyəcək. Lakin onu da unutmaq olmaz ki, proseslərdən asılı olaraq bögədə hərbi hərarət artacaq.

Bölgədə marağı olan böyük güclər isə hərbi hərarətlərin artdağı bir məhələdə proseslərin hərbi qarşıdurmalar müstəvisinə keçməsinə imkan verməməyə çalışacaq. Bunun üçün tərəflərə təzyiqlər ediləcək ki, böhran danışıqlar masası arxasında həll edilsin. Bunun isə uzun illər çəkən məsələ olacağı hamıya gün kimi aydındır. Bu başdan demək lazımdır ki, başlanacaq danışıqlar ancaq və ancaq Ərbilin maraqlarına uyğundur. Belə ki, dinc danışıqlar Ərbilə mövqelərinin möhkəmlənməsi, vaxt qazanması baxımından, eyni zamanda bölgədə yeni şərait yaranana kimi uzadılması su-hava kimi lazımdır. Ərbil danışıqları uzatmaqla  özünəuyğun bir şəraitin yaradılması məqamını gözləyəcək. Əgər  bölgədə yeni dövlətin yaranmasını istəməyən dövlətlər vahid və qətiyyətli mövqe nümayiş etdirib, ciddi addımlar atmazsa, o zaman proseslər üzücü, yorucu bir formada davam edəcək. Ərbil isə bu məqamdan yararlana bilər və dövlət müstəqilliyini elan edə bilər. Bu mümkündür və bunun üçün zəmin var.

Baxmayaraq ki, Ərbilin indiki məqamda referendum keçirməsini Qərb istəməsə də, daha doğrusu məqsədəuyğun hesab etməyib, geri addım atmağa çağırsa da, digər tərəfdən bunun üçün hansısa konkret addım atmadı. Və Qərb bu addımları ilə əslində Ərbilə referendum keçirmək üçün yazıl işıq yandırmış oldu. Çünki referendum ərəfəsində Böyük Britaniyanın xarici işlər naziri Boris Consonun Ərbilə səfər edərək Bərzanini referendumdan geri durmağa çağırsa da, Bərzani bununla razılaşmadı. Əslində bağlı qapılar arxasında nələr müzakirə edilmişdi ondan xəbərsizik. Əgər bağlı qapılar arxasında Bərzaniyə ciddi təpki olsaydı, bu özünü hansısa formada göstərərdi. Ancaq bu danışıqdan sonra da Bərzani daha ürəklə  geri çəkilmək üçün alternativlərin irəli sürülməsini və bu alternativin də ancaq Kürdüstan dövlətinin müstəqilliyi ola biləcəyini dilə gətirdi. Bərzanini bu bəyanatının isə Qərb dairələri tərəfindən elə də kəskin reaksiya ilə qarşılanmamasını bir daha  adıçəkilən dairələrin Ərbilə yaşıl işıq yandırması kimi dəyərləndirmək olar.

Burada digər xüsusi bir məqam ondan ibarətdir ki, Ərbilə referendum məsələsində ən ciddi dəstəyi İsrail dövləti və dünyadakı yəhudi lobbisi verdi. Məhz onların xeyri-duası ilə bu referendum baş tutdu.

Kürdüstan dövlətinin yaranması kimlərə sərf edir?

Bu ilk olaraq yaxın və uzaq perspektivdə İsrailə. Çünki İsrailə indiki şəraidə Yaxın Şərqdə öz sərhəddindən bir az uzaqda, milli təhlükəsizliyinə təhdid yaratmayan, diqqəti özündən yayındıran yeni münaqişə bölgəsi lazımdır. Bu da ancaq İraqın şimalındakı kürd əyaləti ola bilərdi və bu istəyinə də nail oldu. Bununla İsrail ilk olaraq bölgə dövlətlərinin diqqətini Fələstindən yayındıracaq. Belə ki, Ankara və Tehran digər müsəlman  və ərəb ölkələrindən fərqli olaraq Fələstin məsələsinə daha həssas yanaşır, bu məsələni daima gündəmdə saxlayırlar ki, bu da Təl-Əvivin maraqlarına uyğun deyil. Ona görə də İsrailə bu ölkələrin diqqətini yayındırıb, Fələstini arxa palana keçirən və bu ölkələrin başını ciddi qarışdıran yeni münaqişə ocaqlarına qatmaq lazım idi. Bu baxımdan kürd kartı ən uyğun kart idi.

İsraili ciddi narahat edən digər məsələ isə Suriyada İŞİD-in aradan getməsi, Suriyanın bölünməsində iştirakçı dövlətlərin, xüsusən də İranın aktivliyi ciddi narahat edir. Suriyada İŞİD-in məhv edilməsi nəticəsində Tehranın həyata keçirdiyi siyasət və bölgədə maraqlarını təmin edərək, mövqelərini möhkəmləndirməsi İsraili ciddi narahat edir. Odur ki, İranın bölgədə artan mövqeyinin qarşısını almaq, Suriya münaqişəsinin tənzimlənməsində Tehranın planlarını pozmaq üçün İsrail proflaktik addımlar atmaq zorunda idi və kürd kartı da bu baxımdan ən uyğun addım idi. Necə deyərlər, İsrail kürd kartını gündəmə gətirməklə bir güllə ilə bir neçə dovşanı vurdu. Onu qeyd etmək yerinə düşər ki, Tehran İŞİD-ə qarşı mübarizədə aktiv rol oynayıb bölgədə mövqelərini möhkəmləndirərək Aralıq dənizinədək çıxışı olan bir şiə dəhlizi yaratmağa çalışırdı. Suriyanın Deyr-Əz-Zor əyalətində İŞİD-ə qarşı proseslər bitməsi ilə Tehranın bu arzusu reallaşırdı. Tehranın bu niyyəti təkcə İsrailin deyil, eyni zamanda Səudiyyənin, ABŞ və Qərbin bir çox dövlətlərinin marağına cavab vermirdi. Qərb kürdlərin indiki məqamda referendum keçirməsini maraqlarına uyğun olmayan hərəkət hesab etsələr də, Tehranın bu niyyətinin reallaşdırmasının qarşısını almaq üçün Ərbilə yaşıq işıq yandırırdı.

Rusiya

Nə qədər qəribə səslənsə də Ərbildəki referendum Moskvanın maraqlarına uyğundur. Baxmayaraq ki, Moskva son bir ildə Ankara və Tehranla Suriya məsələsində eyni platformadan çıxış edir. Lakin İraqın şimalında kürdlərin referendum keçirməsində Ankara, Tehran və Moskvanın baxışlarında fərqlilik mövcddur. Moskva bu məsələdə Ankara və Tehrana lazımi dəstəyi vermir. Hansı ki, Moskvanın Ərbilə təsir müxanizmləri mövcuddur. Moskva kürdlərin referendum məsələsindən yararlanaraq Yaxın Şərqdəki mövqelərini daha da möhkəmləndirmək kursunu tutub. Belə ki, Ərbillə Moskva arasında hər zaman çox sıcaq münasibətlər olub və bu münasibətlər davam etməkdədir. Moskva təkcə kürd kartından yararlanaraq bölgədə mövqeyini möhkəmləndirmək yox, eyni zamanda maddi cəhətdən qazanmaq istəyir. Odur ki, Ərbillə Moskva arasında enerji, iqtisadi və hərbi sahədə əməkdaşlığı genişləndirmək istəyir. Bu məqsədlə Ərbillə Moskva arasında enerji və hərbi əməkdaşlıq sahəsində müəyyən sənədlər də imzalanıb.

Ermənistan

Kürdlərin referendum keçirməsi İrəvanın maraqlarına cavab verdiyindən İsraildən sonra bu prosesə dəstək verən ikinci ölkə idi. Bunu yaddan çıxarmaq lazım deyil. Bu işdə xaricdəki erməni diaspor və lobbi təşkilatları da kürdlərə lazımi dəstəyi verdilər. Ermənilər kürdlərin referendum keçirməsinə dəstək verməklə həm Türkiyədən qisas alaraq, onu zəiflətmək, bölgədəki rolunu azaltmağa çalışırdı. Digər əsas məqam isə Ankarının Cənubi Qafqazda rolunu zəiflədərək işğalçılıq siyasətinə hüquqi don geyindirməyə çalışır.

Qərb

Referendum qarşıdakı bir neçə ildə Qərbin maraqlarına uyğun olmasa da, Yaxın Şərqdə yaranacaq növbəti mərhələdə Qərbin maraq dairəsində idi. Ona görə ki, indiki mərhələdə Suriya böhranının tənzimlənməsində Rusiya, Türkiyə, İran və İraqla əməkdaşlıq edir. Ərbilin referendum keçirməsi isə Qərbin indiki mərhələdə planlarını həyata keçirməsində müəyyən çətinliklər yaradacaq.

Səudiyyə Ərəbistanı

İranın və Türkiyənin bölgədə rolunu zəiflətmək baxımından kürdlərin referendumu Səudiyyə Ərəbistanının maraqlarına uyğun olsa da, orta və uzaq perspektivdə Kürdüstan dövlətinin yaranması Ər-Riyadın maraqlarına uyğun deyil. Bölgədə yeni dövlət xəritələrin cızılması  nəticədə Səudiyyənin də parçalanmasına yol aça bilər. Bu təhlükə realdır və Ər-Riyad bunu görür. Ancaq indiki mərhələdə İsraillə eyni mövqedən çıxış etmək zorundadır ki, gələcəkdə özünə yaranacaq təhlükə zamanı onun dəstəyini qazana bilsin.

Bu referendum İranın maraqlarına cavab verməsə də, gələcəkdə bölgədəki oyunlardan uduşlu çıxması üçün bazarlıq üçün masaya yatıracaq xeyli variantları var. Odur ki, Tehranın indiki mövqeyi gələcəkdə bazarlıq masasında uduşlu çıxmasına hesablanan addım kimi dəyərləndirmək olar.

Türki

İndiki şəraitdə referendum məsələsində ən çətin və mürəkkəb vəziyyətlə üzləşən İraq, Türkiyə və Suriyadır. Ancaq Türkiyənin vəziyyətdən uduşla çıxması üçün yetərincə təsir mexanizmlərinə malikdir. Əsas məsələ bundan hansı şəraitdə necə yararlanmaqdan gedir. Bunun üçün Ankara Tehran əlaqələrini daha üst qata çıxararaq Ankara-Tehran-Bağdad-Dəməşq formatında əməkdaşlığa getməlidir.

Ankara-Tehran-Bağdad-Dəməşq əməkdaşlıq formatı

Düzdür, Ankara Dəməşqin, daha doğrusu gələcəkdə Bəşər Əsədin bu proseslərdə yer almasını istəməsə də, yaranmış məcburi diplomatik  şərait bu əməkdaşlığı zəruri edəcək. Çünki Suriya ərazisindəki YPG-PYD faktoru Ankaranı Əsəd rejimi ilə əməkdaşlığa vadar edəcək. Yaxın bir neçə ayda olmasa da, bir müddətdən sonra bunun şahidi olacağıq.

Bütün bunlar onu deməyə əsas verir ki, bu, yeni mərhələnin başlanğıcıdır və bu proseslər böyük güclər tərəfindən hazırlanan uzun onilliklərə hesablanan planlardır. Və bu planlar tədricən həyata keçirilməkdədir. Bu plana əsasən böyük güclər bölgəni nəzarətdə saxlamaq və bölgənin yeni siyasi xəritəsini cızmağı planlaşdırır. Proseslərin inkişafından və gedişindən asılı olaraq bu addımlar atılacaq. Bu planların qarşısını almaq üçün bölgə dövlətlərinin gücü yetəcəkmi və yaxud bir araya gəlib müqaviməti təşkil edə biləcəkmi, bax, bunu zaman göstərəcək…

Mürtəza Bünyadlı

Gununsesi.info