“Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə çalışırıq” -Dankan Norman

“Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində də dəyərli tərəfdaşdır və bu əməkdaşlıq heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycanın imkanlarını dəstəkləməklə yanaşı, Birləşmiş Krallığın müdafiə sahəsində təcrübəsindən yararlanmağa imkan verəcək təlimlər, daha sıx müdafiə əlaqələri və əməkdaşlıq imkanları vasitəsilə bu sahədə əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyirik”.

Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Dankan Norman bugünkü mətbuat konfransında deyib:

“Birləşmiş Krallıq Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyirik”.

Səfir vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla, mütəşəkkil cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə məqsədilə Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq edilir:

“Birləşmiş Krallıq öz təcrübəsini bölüşməkdən qürur duyur. Eyni zamanda, Azərbaycan hüquq-mühafizə orqanlarının geniş təcrübəsindən və imkanlarından yararlanaraq hər iki ölkənin daha sıx əməkdaşlıqdan faydalanmasını təmin edirik.

Azərbaycan geniş regionda sabitliyin təşviqində mühüm rol oynayır. Bu isə Birləşmiş Krallığın təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır”,-deyə səfir əlavə edib.

 

 

Şəbnəm

Gununsesi.info