“BP-nin Azərbaycan bazarına daxil olmasından 30 il ötür. Bu müddət ərzində enerji sahəsi Azərbaycanla münasibətlərimizin əsasını təşkil edib və biz bu irslə fəxr edirik. Birləşmiş Krallığın təmiz enerji sahəsinə sərmayə qoyması və Azərbaycanın bərpa olunan enerji imkanlarından istifadə etməsi üçün enerji keçidini dəstəkləmək məqsədilə sıx əməkdaşlıq edirik”.
Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Dankan Norman bugünkü mətbuat konfransında deyib:

“Enerji ilə yanaşı, Britaniya şirkətləri bir sıra digər sahələrdə də fəaliyyət göstərir. Biz Azərbaycanı regionda nəqliyyat, infrastruktur, maliyyə və məlumat sahələrində təbii mərkəz kimi görürük.
Təhsil münasibətlərimizin ən güclü sütunlarından biridir. Bu il də Birləşmiş Krallıq Azərbaycanın dövlət proqramı çərçivəsində xaricdə təhsil alan gəncləri üçün ən çox üstünlük verilən ölkə olaraq qalır. Tələbələrin 61 faizi Britaniya universitetlərində təhsil almağı seçərək dünya standartlarına uyğun təhsildən faydalanıb.
Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən “Chevening” proqramı bu əlaqələri daha da gücləndirir. Hazırda proqrama müraciət etmək mümkündür. Biz müsbət dəyişikliklərə töhfə vermək istəyən istedadlı Azərbaycan vətəndaşlarını müraciət etməyə təşviq edirik. Yeni təhsil və elm tərəfdaşlıqlarını inkişaf etdirməklə, süni intellekt və rəqəmsal dəyişikliklərə sərmayə qoymaqla, eləcə də hər iki ölkədə gələcək üçün bacarıqların və iş yerlərinin yaradılmasına dəstək verməklə bu əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik. Bərabərlik və hər kəs üçün bərabər imkanlar davamlı artım üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də hökumət və yerli tərəfdaşlarla birlikdə qadınların iqtisadi imkanlarının genişləndirilməsini dəstəkləməyə davam edirik”.
Şəbnəm












