Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı Azərbaycanla eyni fikri bölüşürük.
Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.
Diplomat deyib ki, Birləşmiş Krallıq lazım olduğu qədər Ukraynanın yanında olacaq: “Ümid edirəm ki, burada olduğum müddətdə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı qanunsuz və barbar işğalına, həm Ukrayna, həm də Rusiya xalqlarının böyük əzablarına son qoyulacaq”.
Səfirin sözlərinə görə, Birləşmiş Krallıq Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqi davam etdirir və bu sanksiyalar Rusiya iqtisadiyyatına təxminən 450 milyard funt sterlinq məbləğində zərər vurub: “Bu rəqəm Putinin qanunsuz müharibəsi üçün ayrılmış iki illik büdcəyə bərabərdir. Ukraynaya olan öhdəliyimiz uzunmüddətlidir: 100 illik tərəfdaşlıq”.
Dankan Norman Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini səmimi qəlbdən alqışladığını vurğulayıb: “Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır. Bundan əlavə, Prezident Zelenski aprel ayında tarixi bir səfər də etmişdi”.






