Yeni səfir Azərbaycan-Ermənistan sülh prosesindəki irəliləyişdən danışdı

“Azərbaycanın özü üçün də real fürsət anı yaranıb. Azərbaycan və Ermənistan hər iki tərəf arasında dialoq və davamlı qarşılıqlı əlaqəyə əsaslanan dayanıqlı sülhə doğru addımlar atırlar”.

Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Dankan Norman bugünkü mətbuat konfransında deyib:

“Bu vəziyyət daha geniş regionda yeni ticarət, investisiya və bağlantı imkanlarını yaratmaq potensialına malikdir.

Cəmi iki həftə əvvəl Vaşinqton Zirvə Görüşünün birinci ildönümünü qeyd etdik. Sülhə doğru bu tarixi addımın atılmasında göstərilən siyasi liderliyi yüksək qiymətləndiririk. Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub”.

Dankan Norman onu da vurğulayıb ki, sərhədlərin delimitasiyası işləri, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası “Sülh Körpüsü” təşəbbüsü də daxil olmaqla, bu praktik addımları alqışlayırıq.

O, əlavə edib ki, nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yenidən açılması Azərbaycan və Ermənistan arasında sülhün bütün regiona daha çox rifah və təhlükəsizlik gətirməsini təmin etməyə yardımçı ola bilər.

 

 

Şəbnəm

Gununsesi.info