“Biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı eyni fikri bölüşürük. Birləşmiş Krallıq lazım olduğu qədər Ukraynanın yanında olacaq. Ümid edirəm ki, burada olduğum müddətdə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı qanunsuz və barbar işğalına, həm Ukrayna, həm də Rusiya xalqlarının böyük əzablarına son qoyulacaq”.
Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Dankan Norman bugünkü mətbuat konfransında deyib:

“Birləşmiş Krallıq Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqi davam etdirir və bu sanksiyalar Rusiya iqtisadiyyatına təxminən 450 milyard funt sterling məbləğində zərər vurub. Bu rəqəm Putinin qanunsuz müharibəsi üçün ayrılmış iki illik büdcəyə bərabərdir. Ukraynaya olan öhdəliyimiz uzunmüddətlidir: 100 illik tərəfdaşlıq.
Azərbaycanın Ukraynaya siyasi və humanitar dəstəyini səmimi qəlbdən alqışlayıram. Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlığının dəstəklənməsində əvəzsiz rol oynayır. Bundan əlavə, Prezident Zelenski aprel ayında tarixi bir səfər də etmişdi.
Qəzzadan İrana qədər uzanan region üçün daha dinc və sabit bir gələcək qurmaq səylərinə göstərdiyi dəstəyə və konstruktiv iştirakına görə Azərbaycana təşəkkür etmək istəyirəm.Bura Hörmüz boğazı böhranı zamanı enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş kimi öhdəsinə götürdüyü rol da daxildir”.
Sonda səfir vurğulayıb ki, Birləşmiş Krallıq boğazın yenidən açılması üçün tərəfdaşları ilə birlikdə çalışmağa davam edir və atəşkəsin davam etməsini və sülh danışıqlarının uğurla başa çatmasını arzulayır, bundan başqa danışıqlarda irəliləyişin olmasına dair xəbərləri məmnunluqda qarşılayır.
Şəbnəm





