Politoloq Turan Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsini təhlil edib.
Gununsesi.info-nun xəbərinə görə, politoloq bildirib ki, müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız ikitərəfli əlaqələr kontekstində deyil, daha geniş regional və geosiyasi baxımdan əhəmiyyətini ortaya qoyur.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə yeni mərhələyə yüksəlib.
Prezident İlham Əliyev müsahibəsində dövlətlərarası münasibətlərin “misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyduğunu” və ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Turan Rzayevin fikrincə, Özbəkistan Türkiyədən sonra Azərbaycanın rəsmi səviyyədə elan edilmiş ikinci müttəfiqidir.
O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, sənaye və təhlükəsizlik kimi praktiki istiqamətlərdə genişlənir.
Politoloq Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında şəxsi münasibətlərin də ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulayıb.
“Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır”, – Prezident İlham Əliyev deyib.
Rzayev qeyd edib ki, liderlərarası dialoq siyasi qərarların sürətli qəbuluna və yeni layihələrin irəli sürülməsinə imkan yaradır. Onun fikrincə, Mərkəzi Asiyada yeni geosiyasi və iqtisadi reallıqların formalaşdığı bir vaxtda Daşkənd Bakı üçün etibarlı tərəfdaş, Azərbaycan isə Özbəkistan üçün Xəzərdən Qərbə çıxış baxımından mühüm tərəfdaşdır.
Politoloq iqtisadi əlaqələrdəki artıma da diqqət çəkib. O bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin ilk beş ayında isə daha 33 faizlik artım qeydə alınıb.
Rzayevə görə, burada əsas məsələ yalnız ticarət dövriyyəsinin həcmi deyil, artımın hansı sahələr hesabına formalaşması və iki ölkənin istehsal potensiallarının nə dərəcədə inteqrasiya olunmasıdır.
Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması xüsusi əhəmiyyət daşıyır. 500 milyon dollarlıq kapitalla yaradılan şirkət münasibətlərin “alıcı-satıcı” modelindən qarşılıqlı investisiya və birgə istehsal mərhələsinə keçməsinə imkan yaradır.
Politoloq nəqliyyat və logistika əməkdaşlığını da Azərbaycan-Özbəkistan münasibətlərinin əsas istiqamətlərindən biri kimi qiymətləndirib.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqeyi onları “Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara” çevirir.
Rzayev bildirib ki, Azərbaycanın Orta Dəhlizdə artan rolu ilə Özbəkistanın Mərkəzi Asiyanın nəqliyyat xəritəsindəki mövqeyinin birləşməsi iki ölkə arasındakı əməkdaşlığı ikitərəfli çərçivədən çıxararaq daha geniş Avrasiya bağlantısının bir hissəsinə çevirir.
Onun fikrincə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası Mərkəzi Asiyadan gələn yük axınlarının Azərbaycan üzərindən Qərbə çıxış imkanlarını genişləndirə bilər.
Siyasi şərhçi eyni zamanda enerji əməkdaşlığında da yeni mərhələnin yarandığını qeyd edib. Əvvəllər əsas diqqətin neft-qaz sektoruna yönəldiyini bildirən Rzayev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Yaşıl Dəhliz Birliyi”nin yaradılmasını strateji dəyişiklik kimi qiymətləndirib.
Onun sözlərinə görə, bərpaolunan enerjinin regionlararası ötürülməsi ilə bağlı layihələr reallaşarsa, Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropaya çatdırılmasında mühüm halqaya çevrilə bilər.
Orxan










