Natiq Cəfərli kənd təsərrüfatı ilə bağlı hədəflərə dair suallar qaldırdı

  • By Admin2
  • 23 İyun 2026 13:58

İqtisadçı Natiq Cəfərli Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın 2030-cu ilədək heyvandarlıq məhsullarının artırılması və idxaldan asılılığın azaldılması ilə bağlı açıqlamasına münasibət bildirib və bir sıra suallar səsləndirib.

Gununsesi.info xəbər verir ki, nazir müavininin açıqlamasına əsasən, 2030-cu ilədək Azərbaycanda süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz, qoyun əti istehsalının isə 9 faiz artırılması nəzərdə tutulur.

Cəfərli isə bu hədəflərlə bağlı icra mexanizmləri barədə aydınlıq tələb edərək bildirib ki, bu məqsədlərə hansı “yol xəritəsi” və tədbirlər planı ilə nail olunacağı məlum deyil.

O, həmçinin son illərdə heyvandarlıq sektorunda müşahidə olunan azalma tendensiyasını xatırladıb.

Rəsmi statistikaya istinad edən Cəfərli qeyd edib ki, son 5 ildə ölkədə iribuynuzlu mal-qaranın sayı təxminən 215,2 min baş (8,1 faiz) azalıb. Onun sözlərinə görə, 2021-ci ilin əvvəlində 2 milyon 650,7 min baş olan iribuynuzlu heyvanların sayı 2026-cı ilin əvvəlinə 2 milyon 435,5 min başa düşüb.

Eyni zamanda, xırdabuynuzlu heyvanların sayında da ciddi azalma qeydə alındığı vurğulanıb.

Bildirilib ki, 2021–2026-cı illər ərzində qoyun və keçilərin sayı 1 milyon 399,1 min baş (təxminən 17,1 faiz) azalaraq 8 milyon 156,9 min başdan 6 milyon 757,8 min başa enib.

Cəfərli bu fon üzərindən 2030-cu il üçün qoyun əti istehsalında 9 faizlik artım hədəfinin necə reallaşacağı barədə sual qaldırıb və mövcud trendin bunun əksini göstərdiyini qeyd edib.

İqtisadçı həmçinin son 5 ildə diri iribuynuzlu heyvan idxalının təxminən 3 dəfə artaraq 225 min başa çatdığını, diri qoyun və keçi idxalının isə 160 faiz artaraq 931 min başa yüksəldiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, belə bir şəraitdə idxaldan asılılığın necə azaldılacağı və yerli istehsalın hansı mexanizmlərlə artırılacağı barədə aydın plan təqdim olunmalıdır.

Cəfərli sonda qeyd edib ki, hökumət icraedici orqan kimi mövcud problemləri etiraf etməklə yanaşı, onların həlli və əvvəlki dövrlərdəki mənfi tendensiyaların dəyişdirilməsi üçün konkret addımlar da ortaya qoymalıdır.

Elmar

Gununsesi.info