Paşinyan Lavrovdan KÖMƏK İSTƏDİ

İrəvan Bakıdan erməni hərbi əsirlərin qaytarılması məsələsində, eləcə də Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesində Moskvanın dəstəyinə ümid edir.

Gununsesi.info xəbər verir ki, bunu cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla geniş tərkibdə keçirilən görüşdə bildirib.

“Ermənistan və Rusiya strateji tərəfdaş və müttəfiqdirlər, ona görə də ikitərəfli səfərlərin intensivliyi yüksək olmalıdır. İkitərəfli münasibətlərin gündəliyi geniş və şaxələndirilmişdir”, – Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, hazırkı görüş regional təhlükəsizlik və Qarabağ nizamlanması da daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etmək imkanı verir. O əlavə edib ki, bu problemlər rusiyalı həmkarları ilə fəal müzakirə olunur.

Baş nazir xatırladıb ki, bundan əvvəl Moskvada baş nazirin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupunun iclası keçirilib. Bununla bağlı o, tezliklə konkret razılaşmaların əldə olunacağına və nəhayət, bütün region üçün strateji əhəmiyyətli məsələnin həll olunacağına ümid etdiyini bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli işçi komissiyanın ikinci və üçüncü iclasları müvafiq olaraq Moskva və Brüsseldə keçiriləcək.

“Bu prosesin effektiv olması üçün Rusiyanın dəstəyinə ümid edirik”, – Paşinyan bildirib.

Xatırladaq ki, mayın 22-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib. Tərəflər, xüsusən də iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə sərhəd komissiyalarının ilk iclasının keçirilməsi barədə razılığa gəliblər.

Mayın 24-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri arasında sərhədin delimitasiyası üzrə komissiyalar formatında görüş keçirilib.

Gununsesi.info