Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti Emmanuel Makron ilə görüşü həm regional, həm də ikitərəfli münasibətlər baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Uzun müddət gərginlik fonunda inkişaf edən Bakı–Paris münasibətlərində bu görüş tərəflərin qarşılıqlı maraqlar əsasında yeni bir əməkdaşlıq xəttinə qədəm qoya biləcəyindən xəbər verir.
Bu görüş Azərbaycan–Fransa münasibətlərində yeni bir səhifə aça bilərmi?
Gununsesi.info-ya danışan politoloq Turan Rzayev mövzunu belə şərh edib:
“İlham Əliyevin Kopenhagendəki səfəri və bu səfər çərçivəsində keçirilən görüşlər kifayət qədər diqqət çəkir
Xüsusilə vurğulamaq lazım olan bir məqam odur ki, bu görüşlər qarşı tərəfin istəyilə baş tutub və bu, çox önəmli bir məqamdır. Bu baxımdan Prezident İlham Əliyevin Avropada artan nüfuzu, xüsusilə də müharibədən sonrakı atdığı addımlar, uğurlu diplomatik siyasəti və təbii olaraq Avropaya qarşı daha isti münasibət sərgiləməsi öz növbəsində qarşı tərəfdən də müsbət reaksiyalar doğurur”.
Politoloq vurğulayıb ki, Fransa Prezidenti Emmanuel Makron ilə keçirilən görüş Parisin təklifi ilə baş tutub:
“Bu, qarşı tərəfin istəyi ilə reallaşan bir görüşdür. Nəzərə almaq lazımdır ki, söhbət elə Fransadan gedir ki, uzun müddətlər ərzində separatizmi müdafiə edib, dəstək verib və faktiki olaraq Azərbaycanla münasibətləri kifayət qədər gərginləşmişdi.
Amma dəyişən şərtlər və Azərbaycanın artan çəkisi fonunda Fransa artıq Azərbaycanla münasibətlərdəki problemləri həll etmək, mövcud gərginliyi azaltmaq və buzları əritmək barədə ciddi düşünür. Makronun həmin görüşdəki jestləri, mimikaları və səsləndirdiyi fikirlər faktiki olaraq onu deməyə əsas verir ki, Paris və Makron hakimiyyəti artıq Bakı ilə münasibətlərdə yeni bir xəttə qədəm qoyub. Bu yeni yol həm də onu göstərir ki, Fransa Azərbaycanın iştirak etdiyi platformalarda maraqlıdır.
Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparır, investisiya çağırışları edir və xarici investorların ölkəyə cəlb olunması istiqamətində səylər göstərir. Görünür, Fransa da bu prosesdə yer almaq niyyətindədir.
Əlbəttə, burada əsas suallardan biri Bakının buna nə qədər razılıq verəcəyidir. Hər halda Azərbaycanın heç bir ölkəyə qarşı neqativ münasibət sərgiləmək niyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan hər zaman məsələlərə daha pragmatik və konstruktiv yanaşıb. Əgər Fransa tərəfi münasibətləri normallaşdırmaq və qarşılıqlı, bərabər hüquqlu şəkildə əlaqələr qurmaq istəyirsə, Azərbaycan da buna isti münasibət göstərəcəkdir”.
Gülxanım Əliyeva












