Putin genişmiqyaslı müharibəyə hazırdırmı? NATO-nun “blef” mesajının arxasında nə dayanır?

NATO hesab edir ki, Putin Avropa ilə döyüşməyə hazır olması barədə danışarkən blef edir.

Bunu “Yevropeyskaya pravda”ya açıqlamasında NATO rəsmilərindən biri deyib.

“Putin müharibəyə hazır olduğunu deyə bilər. Amma Putin nəsə deyəndə, çox vaxt yalan çıxır. NATO Rusiyanın hərbi imkanlarını ayıq başla qiymətləndirir və onları kifayət qədər yüksək hesab edir, lakin bu, blokun Putinin bu cür açıqlamalarına münasibətini dəyişmir. O, hazır deyil. Əlbəttə ki, bu, Rusiyanın Avropanın siyasi arxitekturasını dəyişdirmək istəyinin olmadığı anlamına gəlmir. Səbəb odur ki, o, NATO-nun özünü müdafiə edəcəyini bilir və üstəlik, döyüşmək qabiliyyəti olsa belə, qalib gələ bilməyəcək”, – NATO rəsmisi bildirib.

Maraqlıdır, görəsən, Putin Avropa ilə genişmiqyaslı müharibəyə həqiqətən hazır deyil, yoxsa NATO-nun onu zəif göstərmək cəhdidir?

Məsələyə bir qədər geniş baxsaq, əslində, mənzərə aydın olur.

Ukrayna müharibəsi artıq 3 ildən çoxdur davam edir və Rusiya ordusunun həm canlı qüvvə, həm də texnika baxımından ciddi aşınma yaşadığı danılmaz faktdır. Rusiya tank parkının böyük hissəsini itirib və Sovet anbarlarına qayıdıb. Raket və artilleriya istehsalatı artsa da, NATO ilə uzunmüddətli müharibə üçün hələ də kifayət deyil. Qərbin sanksiyaları hərbi sənaye kompleksinin bəzi təchizat zəncirlərini çətinləşdirir.

Təkcə bu reallıqlar Rusiyanın Avropanın bütün hərbi blokuna qarşı müharibəyə hazır olmadığını göstərir.

Lakin bu, Rusiyanın siyasi məqsədlərindən geri çəkilməsi demək deyil.

Moskva Avropanın siyasi arxitekturasını dəyişdirmək, NATO-nu parçalamaq və Şərqi Avropada öz təsirini bərpa etmək istəyir. Bunun üçün Kreml enerji alətindən, informasiyaya nəzarətdən, hibrid əməliyyatlardan, sərhəd gərginliklərindən
istifadə edir.

Yəni hazır olmamaq ambisiyalarından imtina demək deyil.

Bir sözlə, NATO-nun “Putin blef edir” mesajı – psixoloji mübarizənin hissəsidir. NATO üçün vacib olan iki şey var:üzv ölkələrin panikaya düşməməsi və Rusiyanın mümkün aqressiyasının qarşısını alacaq “deterrensiya”nın gücləndirilməsi. Bu səbəbdən NATO tez-tez belə mesajlar verir. Bu, həm Rusiyaya xəbərdarlıqdır, həm də Avropa ictimaiyyətinə güvən mesajıdır.

Reallıq isə odur ki, hər iki tərəf öz kommunikasiya strategiyasını gücləndirir.

Rusiya öz gücünü şişirdir ki, Qərbə psixoloji təzyiq etsin. NATO Rusiyanın gücünü nisbi zəif göstərir ki, həm Kremlin blefini dağıtsın, həm də Avropanı vahid saxlaya bilsin.

 

Afət

Gununsesi.info