
Beləliklə, AZAL-ın vurulan təyyarəsi ilə bağlı ilkin hesabat gözləntiləri doğrultmadı.
Qazaxıstan tərəfin hazırladığı ilkin Hesabatda təyyarəmizin Rusiya HHM tərəfindən vurulması faktı yoxdur.
Daha dəqiq, kənar təsirlərdən, yad cisimlərdən söhbət gedir.
Bunu Gununsesi.info-ya ekspert Osman Gündüz Qazaxıstanın Rusiya üzərində vurulan təyyarəmizlə bağlı hesabatını şərh edərkən deyib:
“Görünür ki, Qazaxıstan üçün də çətin olub. Hesabatda ancaq “quş sürüsü”, “qaz balonu” iddiaları da təsdiqlənməyib.
Maraqlıdır ki, belə bir hesabat dərc olunan anda bizim mediada AZAL-ın təyyarəsinin Rusiya HHM tərəfindən, Pansir-S1 ilə vurulması haqqında Azərbaycan hökumətinə istinadla Röyters-in məlumatı açıqlanıb. Görəsən, eyni anda bu məlumatı açıqlamaq hansı qüvvələrə lazım olub?
Beləliklə, bu nəhənglikdə ölkə, müttəfiq ölkə üzrxahlıq etmədi , məsuliyyəti üzərindən atdı.
Belə olan halda kompensasiya, bu cinayəti edənlərin cəzalandırılmasını da gözləməyə dəyməz.
Görünən , diqqət cəlb edən bu oldu ki, Prezident son ana qədər müttəfiq ölkənin üzrxahlığı və etirafı üçün dirəşdi, ümid etdik ki, bu, baş tutacaq. Lakin görünür ki, hesablamalar doğru olmayıb. Ən azı hələlik görünən budur.
Rusiya son zamanlar çoxları ilə qırılıb. Görünür ki, başları qarışıb öz vəziyyətlərinə”.
Azərbaycanın bundan sonra nə etməli olduğuna gəlincə, Osman Gündüz deyir ki, beynəlxalq qurumlara üz tutmaq, beynəlxalq müstəvidə ədaləti axtarmaq daha məntiqli olardı. Amma elə beynəlxalqda da aləm qarışıb, ədaləti güc əvəzləyib. İstənilən halda başqa yol, başqa seçim qoymayıblar bizə. Qazaxıstanla da dirəşməyin yeri yoxdur.
Ümid edirəm baş verənlərdən cəmiyyət və dövlət olaraq ibrət dərsləri götürə biləcəyik”.
Afət Abbasova