“Azərbaycan–Rusiya münasibətlərində mühüm amillərdən biri də Rusiyada yaşayan 2 milyon soydaşımızdır. Onlar həm ölkəmizlə sıx bağlıdır, həm də Azərbaycan diasporunun fəal üzvləridir. Dövlətimiz hər zaman onların maraqlarını nəzərə alıb və bundan sonra da alacaq”.
Bunu Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib :
“Rusiya anlamalıdır ki, dövlətin gücü yalnız ərazisinin böyüklüyü ilə deyil, güclü orduya, müasir silahlara, strateji müttəfiqlərə və düzgün idarəçiliyə sahib olmaqla müəyyən olunur. Azərbaycan bütün bu sahələrdə mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyevin son bəyanatları da bunu təsdiqləyir. Bu bəyanatlar Rusiyaya qarşı təhdid deyil, sadəcə yeni reallıqların ifadəsidir”.
Deputat vurğulayıb ki, bəzi destruktiv qüvvələr Azərbaycan–Rusiya münasibətlərini pozmağa çalışsalar da, reallıq fərqlidir:
“Münasibətlər normallaşır və bundan sonra da bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında davam edəcək.
Mən müxalifət partiya rəhbəri olaraq açıq deyirəm: Qarabağın azad olunması, yeni regional reallıqların yaradılması və dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilməsi yalnız bir şəxsin deyil, bütün xalqımızın uğurudur. Dövlətimizin güclənməsi və beynəlxalq nüfuzunun artması hər bir azərbaycanlı üçün qürurverici haldır”-deyə o əlavə edib:
Şəbnəm Rəhimova












