Şuşada yeni yarımstansiya istismara verildi

  • By admin
  • 07 Oktyabr 2022 19:09

“Şuşada inşası planlaşdırılmış 9 yeni müasir Transformator yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzlərinin artıq 6-sı tikilib, bunlardan birinin açılışı edilib”.

Gununsesi.info xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, digər 3 yarımstansiyanın isə gələn il ərzində istismara veriləcəyi gözlənilir. A. Məmmədzadənin sözlərinə görə, görüləcək işlərdən sonra Şuşada radial sxemlə işləyən 48 ədəd Transformator Məntəqələri müasir sxemə əsaslanan 9 ədəd 35/0,4 kV-luq rəqəmsal yarımstansiyalar əvəz edəcək. Şəbəkəyə aid xətlər isə yeraltı çəkiləcək. Digər yarımstasiyaların, ümumilikdə Şuşanın elektrik şəbəkəsinin innovativ yeniliklərə uyğun şəkildə qurulması işi davam etdirilir.

Qeyd edək ki, Rəqəmsal İdarəetmə Mərkəzində ənənəvi üçpilləli 35/10-6/0,4 kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib. Yarımstansiyanın üzərində günəş panelləri qurulub. Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılır, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılır, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar edilir, xidmətin keyfiyyəti yaxşılaşdırılır.

Bununla yanaşı, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kV) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır. İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir. Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpa olunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub.

Xatırladaq ki, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı 2022-ci il mayın 10-da Prezident İlham Əliyev tərəfindən edilib. İstismara verilmiş Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi 35/0,4kV-luq 2×2500 kV gücündədir.

Gununsesi.info