ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Pekinə səfərlərindən sonra qlobal siyasətin əsas mövzusu yenidən Tayvan olub. Analitiklərin fikrincə, rəsmi bəyanatların verilməməsinə baxmayaraq, Si Cinpin ilə ABŞ və Rusiya liderləri arasında qapalı qapılar arxasında məhz Tayvan mövzusu müzakirə edilib.
Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.
Tramp Si Cinpin ilə Tayvana silah tədarükü məsələsini müzakirə etdiyini etiraf edib və hazırda adaya hərbi dəstəyin davam etdirilib-etdirilməməsi barədə “düşündüyünü”.
Ehtimal olunan müharibənin əsas problemi təkcə hərbi deyil, həm də iqtisadi xarakter daşıyır. Tayvan TSMC şirkəti vasitəsilə dünya yarımkeçiricilərinin təxminən 68%-ni, ən qabaqcıl çiplərin isə təxminən 90%-ni istehsal edir. İstənilən münaqişə elektronika bazarlarını, süni intellekt sənayesini və qlobal tədarük zəncirlərini çökdürə bilər.
“Bloomberg” nəşrinin qiymətləndirmələrinə görə, Tayvan ətrafındakı müharibə XXI əsrin ən böyük iqtisadi şoku ola bilər. Belə bir ssenaridə Çinin ÜDM itkisi 11%, Yaponiyanın 14%, Cənubi Koreyanın isə 23% həcmində qiymətləndirilir.
Tayvan bir adadır, bu isə o deməkdir ki, hərbi müdaxilə genişmiqyaslı dəniz desant əməliyyatı tələb edəcəkdir. Lakin Çin artıq uzun illərdir belə bir ssenariyə hazırlaşır və Si Cinpin “birləşməni” getdikcə daha çox özünün tarixi irsinin bir hissəsi kimi nəzərdən keçirir.
Bu fonda Pekin ehtimal olunan müharibənin nəticələrini minimuma endirmək və tam beynəlxalq təcriddən yayınmaq üçün Vaşinqton və Moskva ilə münasibətləri qabaqcadan qurmağa çalışır.
Faktiki olaraq Tayvan getdikcə ABŞ, Çin və bütün dünya iqtisadiyyatının maraqlarının toqquşacağı gələcək qlobal qarşıdurmanın əsas düyün nöqtəsinə çevrilir.












