Türkiyə türkdilli ölkələrlə, həmçinin Azərbaycanla kosmik sferada əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırım bildirib.
“İstənilən inkişaf etmiş ölkə kosmik sferada liderlərin sırasına daxil olmalıdır”, – agentliyin rəhbəri deyib.
Onun sözlərinə görə, Azərbaycanda Türkiyənin istifadə edə biləcəyi potensial var.
“Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik”, – Sərdar Hüseyn Yıldırım qeyd edib.
Yıldırım vurğulayıb ki, Türkiyə kosmik proqramın hazırlanması zamanı qarşısına bir sıra hədəflər qoyub. “Ölkəmiz, sözsüz ki, kosmik proqramın reallaşdırılması üçün bütün imkanlara malikdir. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq”, – o deyib.
Qeyd edək ki, ilk rəsmi xarici səfərini Azərbaycana edən Türkiyə Kosmik Agentliyi kosmik sahədə Azərbaycan ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.
Gununsesi.info